Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Alma-Ata razılıqlarına zidd olaraq, dünən sentyabrın10-da yenidən Ermənistanın Şəmşəddin rayonu ərazisindən Tovuzun Əlibəyli kəndi atəşə tutularkən 3-Ş-1tipli kütləvi qırğın silah növündən istifadə etmişlər. 122 mm-lik qaubitsalardan 15 km-lik məsafəyə atılan və özündə 3000, 7000 arasında zəhərləyici maddəyə batırılmış nazik iynə daşıyan bu mərmi göydə partlayaraq öz təsirini böyük bir sahədə göstərir. Bu da əslində dünyada qəbul olunmuş müharibə aparmaq qaydalarına və əxlaq normalarına ziddir.
Ağdərə rayonunun erməni quldur dəstələrindən təmizlənməsi uğrunda Azərbaycan Silahlı Qüvvələrinin apardığı hərbi əməliyyatlar davam edir. Son 3 gün ərzində gedən döyüşlər nəticəsində Çıldıran ətrafında bütün strateji yüksəkliklər ələ keçirilib. Hazırda Çıldıran kəndinə tam nəzarət olunur. Döyüşlər zamanı əsasən topçularımızın sərrast atəşi ilə düşmənin 4 tankı, 4  PDM və 80-dən cox əsgəri məhv edilib. Biz tərəfdən 2 nəfər şəhid olub, 7 nəfər yaralanıb. Erməni birləşmələri Ağdərə bölgəsində strateji məğlubiyyətə uğradığını görərək, cəbhədə hərbi təşəbbüsü ələ almaq məqsədilə Vəngli (Getavan) kəndindən hücuma keçmək cəhdi göstərmişlər. Ordumuzun Kəlbəcər bölmələri bu cəhdin qarşısını alaraq düşmənə layiqli cavab vermişlər.
Ağdam cəbhəsi boyu mövqelərimiz düşmən tərəfindən müxtəlif istiqamətlərdən top atəşinə tutulub. Cavab atəşilə Naxçıvanik ətrafında ermənilərin 1 tankı, 1 Kamaz avtomaşını 3 müşahidə postu və 2 top (top heyəti və mərmi anbarı ilə birgə) darmadağın edilib.
Sentyabrın 11-nə keçən gecə Laçın bölgəsinin cənubunda yerləşən qoşunlarımız top atəşi ilə erməni ekspedisiya korpusunu silah və sursatla təmin etmək məqsədilə Gorusdan Qarabağa hərəkət edən 35 maşından ibarət avtokarvanı tamamilə məhv ediblər. Bununla belə 11 sentyabr gündüz əks istiqamətində keçən 60-a yaxın mülki nəqliyyat vasitəsinə toxunulmamışdı.
Sentyabrın 10-u gün ərzində erməni artilleriyası Tovuzun Əlibəyli və Hacalı kəndləri, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərini atəşə tutub. Cavab atəşilə keçmiş Hadrut rayonunun Edilli kəndi yaxınlığında ermənilərin ZİL-30 avtomaşını və içindəki 20 piyada əsgəri məhv edilib. Digər münaqişə zonalarında nisbi sakitlik olub.