Sentyabrın 4-də Ermənistan ekspedisiya korpusunun Ağdam cəbhəsindəki başlanmış hücumunun qarşısı tam alınıb. Hazırda bu istiqamətdə ara-sıra atışmalar gedir. Erməni quldurları Qarabağın digər bölgələrində azğın hərəkətlərini davam etdirirlər. Dünən axşam Füzuli rayonu Düdükçü istiqamətindən, bu gün isə Cəbrayıl rayonunun Qışlaq kəndi Hadrut istiqamətdən atəşə tutulub. Kənddə bir neçə ev yanıb. Qarabağın cənubunda digər mövqelərimiz də müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Nəticədə 6 nəfər yaralanıb. Döyüşçülərimiz düşmənə layiqli cavab verirlər. Topçularımız Hadrut yaxınlığında düşmənin 1 tankını və xeyli canlı qüvvəsini məhv ediblər. Qarabağın şimalinda əsasən mövqe döyüşləri gedir. Düşmənin Vəngli istiqamətindən Vaquaz kəndinə hücumunun qarşısı alınıb. Vaquaz və Qozlu kəndlərinin atəşə tutulması davam edir. Sərhəd bölgələrində sakitlik yenə də pozulub. Dünən axşam Gədəbəyin sərhəd məntəqələri, ötən gecə Qubadlının sərhəd kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi və Şahbuz rayonunun Batabat məntəqəsi ara-sıra, bu gün isə Zəngilan rayonunun Seyidlər kəndi müxtəlif növlü silahlardan güclü atəşə tutulub. Seyidlər kəndində bir neçə ev yanıb. Zəngilanın Ağkənd, Qazançı, Yuxarı Göyəli kəndləri də gün ərzində ara-sıra atəşə tutulub. Digər münaqişə zonalarında nisbi sakitlikdir.