Erməni ekspedisiya korpusunun yeni hücum cəhdləri puça çıxdı. Azərbaycan Ordusunun döyüşçüləri düşmənin Mehmanə və Naxçıvanik istiqamətlərində həmlələrini mətanətlə dəf etdi.
Sentyabrın 15-nə keçən gecə Cəbrayıl rayonunun Quşçular kəndi düşmən tərəfdən atəşə tutulub. 2 əsgərimiz yaralanıb. Düşmənə cavab atəşi açılıb.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Ötən gecə Zəngilan rayonunun Qazançı, Seyidlər kəndləri yenə də atəşə tutulub. Dünən axşam isə erməni artilleriyası rayon ərazisində “Qrad” qurğularından atəş açmışdır. Dağıntılar var.
Bu gecə Naxçıvan MR-nın Sədərək qəsəbəsi də ara-sıra atəşə tutulub. Gecə Şahbuz rayonunun Biçənək kəndinə basqın olub. Erməni quldur dəstəsi kənddə qarətlər törədib, 3 dinc sakini, o cümlədən bir qadını qətlə yetirib. Cinayət törətdikdən sonra quldurlar Ermənistan ərazisinə qaçmışlar.