Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdam bölgəsində bütün cəbhə boyu mövqe döyüşləri gedir. Dünən sentyabrın 17-də bütün gün ərzində rayonun ərazisi müxtəlif istiqamətlərdən top, tank və “Qrad” qurğularından güclü atəşə tutulub. Ermənilərin daha bir hücumu igid döyüşçülərimiz tərəfindən dəf edilib. Düşmən xeyli itki verərək geri çəkilib. Biz tərəfdən 4 nəfər şəhid olub, 27 nəfər yaralanıb. Bu gün sentyabrın 18-də qoşunlarımız Xanabad-Fərrux istiqamətində əks-hücuma keçərək düşmənin xeyli canlı qüvvəsini məhv ediblər. Bu döyüşdə əsgərlərimizdən 1 nəfər şəhid olub, 6 nəfər yaralanıb. Qarabağın şimalında, Çıldıran kəndi ətrafında döyüşlər ordumuzun üstünlüyü ilə davam edir. Burada döyüşçülərimiz müvəffəqiyyətlə irəliləyirlər.
Cəbrayıl bölgəsində yerləşən bölmələrimiz Hadrutun Şaqax məntəqəsi yaxınlığında ermənilərin yük avtomaşınını məhv ediblər.
Sərhəd bölgələrimizdə də gərginlik əvvəlki tək hökm sürür. Son günlər Zəngilan rayonunun Ermənistan ərazisindən atəşə tutulması daha da güclənmişdir. Dünən sentyabrın 17-də axşam Zəngilan rayonunun sərhəd boyu məntəqələri olan Vejnəli, Ağbənd, Seyidlər, Şükürataz, Qazançı, Yuxarı Yeməzli kəndləri Ermənistanın Mehri və Qafan rayonları istiqamətindən ağır silahlardan atəşə tutulub. Vejnəli kəndində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb. Qazançıda 1 nəfər həlak olub, 1 nəfər də yaralanıb. Bu gün səhərdən rayonun Ağbiz, Yuxarı Yeməzli, Seyidlər, Ağkənd, Qazançı, İrveys, Sobu, Ağbənd məntəqələri toplardan və tanklardan atəşə tutulub.
Tovuz rayonunun Əsrik, Şıxheybət, Qaralar kəndləri, Naxçıvan MR-nın Gərməçataq, Batabat müdafiə məntəqələri və Sədərək qəsəbəsi də atəşə tutulub.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.