Dünən sentyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Qarabağ torpağını erməni dəstələrindən tam təmizlənməsi üçün önəmli bir əməliyyata uğurla başladılar. İkinci Ordu birləşmələri, əlahiddə piyada polku və xüsusi təyinatlı hərbi dəstə ilə birlikdə Laçın bölgəsinin şimal-şərqində yerləşən Fərrax, Nurəddin, Kalafalı, Çiryaz, Ayıbazarı, İpək-1 və İpək -2, Xırmanlar kəndlərini azad ediblər. Sonra müzəffər qoşunlarımız düşmən üçün gözlənilmədən Qarabağ dağ silsiləsinə aparan və İpəkdağı, Sarıbaba, Təzəbaş, Quruxyalı və sair hakim yüksəklikləri ələ keçirərək Şuşa rayonunun Xanalı, Cəmillər, Xanlıpəyə, İmanqulular, Allahqulular və Zamanpəyəsi məntəqələrində də Azərbaycan bayrağı qaldırıblar.
Döyüşçülərimiz Zabux yaxınlığında Ermənistana gedən qiymətli əşyalarla dolu 3 maşın karvanını və Gorusdan Şuşaya keçməyə cəhd göstərən daha bir karvanı darmadağın ediblər. Deyhan kəndində toplaşan erməni yaraqlıları məhv edilib .
Milli Ordumuzun Ağdam, Füzuli və Ağdərə bölgəsindəki bölmələri də hücum əməliyyatları aparırlar. Ağdam cəbhəsindəki qoşunlarımız Xocalı rayonundakı Norakuğ və Fərrux kəndləri istiqamətində irəliləyirlər. Füzuli istiqamətində müvəffəqiyyətli döyüş əməliyyatları aparan bölmələrimiz düşmənin bir neçə atəş mövqesini ələ keçiriblər.
Artıq uduzduğunu görən düşmən get-gedə azğınlaşır. Ötən gecə Ağdam şəhəri və rayonun Sarıcalı kəndi intensiv atəşə tutulub. Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub.
Sərhəd bölgələrimizin Ermənistan ərazisindən atəşə tutulması ara vermir. Dünən axşam Qazax rayonunun Fərəhli kəndi, Tovuzun Şıxheybət, Qubadlının Seytas və Novlu kəndləri düşmən tərəfindən atəşə tutulub. Tovuz rayonunda bir nəfər yaralanıb. İgid döyüşçülərimiz Vəlixan meşəsi istiqamətində düşmənin hücum cəhdinin qarşısını alaraq 5 erməni quldurunu məhv ediblər.