Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Dünən sentyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Qarabağ torpağının erməni işğaçılarından tam təmizlənməsi üçün uğurlu əməliyyata başladılar. İkinci Ordu birləşməsinin əlahiddə piyada alayı xüsusi təyinatlı hərbi dəstə ilə birlikdə Laçın bölgəsinin şimal tərəfində yerləşən Fərrax, Nurəddin, Kalafalı, Fəxralı, Çiryaz, Ayıbazar, İpək 1 və İpək 2, Xırmanlar kəndlərini azad ediblər. Sonra Milli Ordumuzun şanlı hissələri Qarabağ dağ silsiləsini aşaraq və İpəkdağı, Sarıbaba, Təzəbaş, Quruxyalı hakim yüksəklikləri ələ keçirərək Şuşa rayonunun Xanalı, Cəmillər, Xanlıqpəyə, İmanqulular, Allahqulular və Zamanpəyəsi məntəqələrində də Azərbaycan bayrağı qaldırıblar. Müzəffər qoşunlarımız cəmi 15 kəndi azad edərək əziz Şuşamızın yaxınlığında hücum əməliyyatlarını müvəffəqiyyətlə davam etdirirlər.
Döyüşçülərimiz Ermənistana gedən qiymətli əşyalarla dolu 3 maşın karvanını və Gorusdan əks istiqamətdə keçməyə cəhd göstərən daha bir karvanı Zabux dərəsində  darmadağın ediblər. Laçının Deyhan kəndində toplanan erməni yaraqlıları məhv edilib. Hal-hazırda Laçın dəhlizi tam artilleriya nəzarəti altındadır.
Azərbaycan Ordusunun Ağdam, Füzuli və Ağdərə bölmələri də hücuma qoşulublar. Ağdam cəbhəsində vuruşan Qatır Məmməd adına dəstənin igid döyüşçüləri irəliləyərək ermənilərin xüsusilə möhkəmləndiyi məntəqəsinin hüduduna çıxıblar. Döyüş zamanı düşmənin xeyli sayda piyadası məhv edilib. 1 tankı vurulub və bir neçə postu dağıdılıb.
Ağdam bölmələrimiz Əsgəran qəsəbəsi və Gülablı kəndi, Füzuli bölmələrimiz isə Çartaz və Sus məntəqələri istiqamətlərində irəliləyirlər.
Ağdərə bölgəsində ermənilərin Vaquas kəndini yenidən almaq və beləliklə Kəlbəcər-Tərtər yolunu kəsmək məqsədilə hücum cəhdi dəf edilib. Düşmən itki verib və geri atılıb. Ağdərə bölmələrimiz Çıldıran ətrafında döyüşləri davam etdirərək, sol cinahda Sırxavəndə hücuma keçiblər.
Artıq uduzduğunu görən düşmən get-gedə azğınlaşır. Ötən gecə Ağdam şəhəri və rayonun Sarıcalı kəndi intensiv atəşə tutulub. Cavab atəşi ilə düşmənin atəş nöqtələri susdurulub. Qarabağda dalbadal məğlubiyyətlərə uğrayan erməni ordusu acığını Azərbaycan-Ermənistan sərhəd boyu yaşayış məntəqələrindən almağa can atır. Bu gün saat 10-dan başlayaraq yenidən Zəngilan rayonunun Qazançı, Seyidlər, Yuxarı Yeməzli, Kolluqışlaq, Vejnəli kəndləri və Şükürataz yüksəkliyi müxtəlif silahlardan atəşə tutulub. Bu tərəfdən cavab atəşi açılıb. Artilleriya döyüşü davam edir. Qazax rayonunun Məzəli və Quşçu Ayrım, Cəbrayıl rayonunun Quşçular kəndləri də atəşə tutulub. Naxçıvan MR-nın Sədərək qəsəbəsi yaxınlığındakı yüksəkliklər uğrunda döyüşdə bu tərəfdən 3 nəfər şəhid olub, 6 nəfər yaralanıb. Şəhidlər arasında 17 yaşlı qız da vardır.