Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Sentyabr 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Milli Ordusunun Daxili İşlər Nazirliyinin qoşunları ilə birlikdə apardıqları döyüş əməliyyatları uğurlu davam edir. İgid döyüşçülərimizin Laçın və Şuşa rayonları ərazisində gözlənilməz və sürətli hücumu düşməni çaş-baş salmışdır. Bu hücumun qarşısını ala bilməyən ermənilər digər istiqamətlərdə, xüsusilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti gərginləşdirməyə can atır.
Sentyabrın 20-nə keçən gecə Qazax rayonunun Fərəhli kəndinə PDM-dən atəş açılıb. Ağstafa rayonunun Köhnə Qışlaq kəndi isə tank və toplardan güclü atəşə tutulub. Yaralananlar var.
Ötən gecə Gədəbəy rayonunun ərazisi, Zəngilanın Canbar və Qazançı məntəqələri, bu gün səhər tezdən isə Tovuzun Əlibəyli, Ağdam və Hacıalı kəndləri atəşə məruz qalıb. Tovuz və Zəngilan rayonlarında dağıntı var.
Düşmən Qarabağ ərazisində də təşəbbüsü ələ almaq üçün cəhdlər göstərir. Dünən ermənilərin Vaquası tutmaq üçün etdikləri həmlələri döyüşçülərimiz dəf edib. Erməni ekspedisiya korpusunun dəstələri Ağdam cəbhəsində də ciddi müqavimət göstərirlər. Onların dünən Xanabad, Fərrux, Naxçıvanik, Qarakənd istiqamətlərindən əks-hücuma keçmək cəhdi baş tutmayıb. Ağır döyüşlərdən sonra düşmən geri oturdulub. Xanabadda düşmənin 2 PDM-i sıradan çıxarılıb. Biz tərəfdən də ölən və yaralananlar var.
Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə və Füzuli bölgəsindəki bölmələri də hücum əməliyyatlarını davam etdirirlər.