Azərbaycan Milli Ordusunun Daxili İşlər Nazirliyinin xüsusi qoşunları ilə birlikdə apardıqları uğurlu döyüş əməliyyatları davam edir. Kəlbəcər istiqamətindən hərəkət edərək Laçın və Şuşa rayonları ərazisində gözlənilməz həmlələr edən döyüşçülərimiz düşməni haldan çıxarmışdır. Bu hücum qarşısında aciz qalan ermənilər digər istiqamətlərdə, xüsusilə Azərbaycan-Ermənistan sərhədində vəziyyəti gərginləşdirməyə can atırlar.
Laçın yoluna döyüşçülərimiz tərəfindən tam nəzarət edilməsindən əsəbləşən düşmən vertolyotların köməyi ilə Laçın rayonunun Hacaz kəndinə hücuma keçmişlər. Buradakı döyüşlərdə bizimkilərdən 1 nəfər şəhid olub, 1 nəfər yaralanıb.
Ötən gecə və bu gün bir sıra sərhəd bölgələrimizdə yaşayış məntəqələrimiz və zastavalarımız atəşə tutulub. Sentyabrın 20-nə keçən gecə Qazax rayonunun Fərəhli kəndi, Gədəbəyin sərhəd məntəqələri, Ağstafa rayonunun Köhnə Qışlaq kəndi, Zəngilanın Canbar və Qazançı kəndləri, bu gün isə Tovuzun Əlibəyli, Ağdam və Hacıalı kəndləri atəşə məruz qalıb.
Düşmənin Qarabağ ərazisində hərbi təşəbbüsü ələ almaq üçün göstərdiyi cəhdləri boşa çıxır. Dünən Vaquası tutmaq üçün ermənilərin etdikləri həmlələri döyüşçülərimiz dəf edib. Ağdam cəbhəsində Ermənistan ekspedisiya korpusunun dəstələri ciddi müqavimət göstərirlər. Onlar dünən Xanabad, Fərrux, Naxçıvanik, Qarakənd istiqamətlərindən hücuma keçmək üçün cəhd göstəriblər. Ağır döyüşlərdən sonra düşmən geri oturdulub. Ermənilərin 4 tankı, 4 PDM-i, 1 qaubitsa, 1 iki lüləli şilka və 350-ə qədər əsgəri məhv edilib. Biz tərəfdən 30 nəfər şəhid olub, 102 nəfər yaralanıb.
Ağdərə bölgəsində də düşmən mövqelərinə hücum davam edir.