Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycanın Milli Ordusu, Xüsusi Təyinatlı Daxili qoşunlar hissələri ilə birlikdə Qarabağda uğurlu əməliyyatlarını davam etdirir. Şuşa rayonunun düşməndən təmizlənməsini yaxınlaşdıran igid döyüşçülərimiz irəliləyirlər. Burada hamımızın səbirsizliklə gözlədiyimiz xəbərləri biz sizə dərhəl çatdırmaq istəsək də, əməliyyat başa çatmayınca bunu edə bilmərik. Laçın rayonunda qızğın döyüşlər əsasən Hocaz dağı və eyni adlı məntəqə ətrafında gedir. Dünən sentyabrın 20-də Ağdam cəbhəsindəki bütün mövqelərimiz düşmən tərəfdən güclü atəşə tutulub. Bağmanlar və Əliağalı kəndlərində dağıntı var. Ordumuzun Ağdam, Ağdərə, Füzuli bölmələri düşməni məhv etmək və onu torpağımızdan qovmaqda əməliyyatlarını davam etdirirlər.
Erməni qüvvələri Qarabağda məğlub olduqca sərhəd bölgələrimizdə vəziyyəti gərginləşdirməyə can atırlar. 3-cü gündür ki, Naxçıvan MR-nın Sədərək qəsəbəsi yaxınlığındakı yüksəkliklər uğrunda şiddətli döyüşlər gedir. Düşmən xeyli itki verib, lakin məqsədindən hələlik əl çəkmir. Biz tərəfdən bu döyüşlərdə 7 igidimiz şəhid olub.
Dünən axşam sentyabrın 21-nə keçən gecə və bu gün səhər Tovuz rayonunun Qırıxlar,  Mormor, Mutudərə və İvanovka, Zəngilanın Qazançı, Ağkənd, Yuxarı Yeməzli kəndləri atəşə tutulub. Düşmənə layiqli cavab verilib.