Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Milli Ordusu Xüsusi Təyinatlı Daxili qoşunlar hissələrilə birlikdə Qarabağda uğurlu əməliyyatlarını davam etdirir. Şuşa rayonunun düşməndən təmizlənməsini yaxınlaşdıran igid döyüşçülərimiz irəliləyirlər. Burada hamımızın səbirsizliklə gözlədiyimiz xəbərləri biz sizə dərhəl çatdırmaq istəsək də, əməliyyat başa çatmayınca bunu edə bilmərik.
Bu gün sentyabrın 21-də bütün cəbhə boyu qızğın döyüşlər davam edir. Laçın bölgəsində döyüşlər Hocaz dağı və eyni adlı yaşayış məntəqəsi ətrafında bizim üstünlüyümüzlə gedir. Dünən sentyabrın 20-də Ağdam cəbhəsindəki bütün mövqelərimiz düşmən tərəfindən güclü atəşə tutulub. Bağbanlar və Əliağalı kəndlərində dağıntı var. Dünən axşam Xramort istiqamətində ermənilərin hücumu dəf edilib. Xanabadda ermənilərə məxsus 2 yük avtomaşını vurulub. Xanabad döyüşlərində Aşot adı ilə tanınan erməni ekspedisiya korpusunun briqada komandiri öldürülüb. 19-21 sentyabr ərzində Ağdərə  bölgəsinin Vaquas kəndinin cənubunda yerləşən bir sıra strateji yüksəkliklər uğrunda gedən döyüşlərdə qoşunlarımız düşmənin 1 tankını, 1 yük avtomaşınını, 2 PDM-ni və 20-ə yaxın əsgərini məhv etmişdir. Hal-hazırda bütün yüksəkliklər Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beləliklə, düşmənin Vaquası almaq və Kəlbəcər-Tərtər yolunu kəsmək cəhdlərinin qarşısı tam alınıb. Azərbaycan Ordusunun Ağdərə  bölmələri 21 sentyabr gün ərzində Çıldıran və Sırxavənd ətrafında döyüşlər aparıblar.
Silahlı Qüvvələrimizin Füzuli bölmələri srağagünkü hücum vaxtı Xocavənd rayonu Sos kəndi yaxınlığında tutduğu mövqelərdə möhkəmlənirlər. Sentyabrın 19-u hücum əməliyyatı zamanı Füzuli briqadasının komandir müavini polkovnik Xəlifə Aslan oğlu Səfərov şəhid olub. Allah rəhmət eləsin. Ümumiyyətlə ordumuzun Ağdam, Ağdərə və Füzuli bölmələri düşməni məhv etmək və onu torpağımızdan qovmaqda davam edirlər.
Erməni qüvvələri Qarabağda məğlubiyyətə uğradıqca sərhəd bölgələrimizdə vəziyyəti gərginləşdirməyə can atırlar. 3-cü gündür ki, Naxçıvan MR-nın Sədərək qəsəbəsi yaxınlığındakı yüksəkliklər uğrunda şiddətli döyüşlər gedir. Düşmən xeyli itki verib, lakin məqsədindən hələlik əl çəkmir. Biz tərəfdən bu döyüşlərdə 7 igidimiz şəhid olub.
Səhərdən başlayaraq Gədəbəy rayonunun Ermənistanla bütün sərhədi boyu atışmalar gedir. Mutudərə, Mormor, Novoivanovka kəndləri müxtəlif növ silahlardan güclü və arasıkəsilməz atəşə tutulur. Düşmənə tutarlı cavab verilir. Krasnoselsk rayonu ərazisində yerləşən düşmənin atəş mövqeləri darmadağın edilir.
Ötən gecə və bu gün Tovuzun Qırıxlar,  Zəngilanın Qazançı, Ağkənd, Seyidlər kəndləri atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.