Sentyabrın 19-da Soçi şəhərində Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstan respublikalarının Müdafiə nazirlərinin görüşü keçirilmişdir. Əsasən Rusiya rəsmi dairələrinin təşəbbüsü ilə keçirilən bu görüşdə Zakafqaziya regionunda sülhün bərqərar olunması zərurəti qeyd olunub. Bu görüşdə Azərbaycan- Ermənistan sərhədində və Qarabağda atəşin dayandırılması da müzakirə olundu. Əldə olunmuş razılığa əsasən atəşin dayandırılması üçün mexanizmin hazırlanması və ona dəqiq əməl etmək şərtilə sentyabrın 25-dən bütün münaqişə zonalarında hərbi əməliyyatlar dayandırılmalıdır. Lakin Ermənistan tərəfi bu günə qədər belə bir mexanizmi hazırlamaqdan ötrü nümayəndəliyini göndərmədiyindən belə hesab etmək olar ki, onlar atəşin dayandırılmasında və regionda sülhün bərqərar olmasında maraqlı deyil. Ermənistan rəsmi dairələrinin belə mövqeyi Soçidə əldə edilmiş razılığın bir səmərə verəcəyinə şübhə yaradır.
Soçi şəhərindəki görüşdə iştirak edənlər bir daha təsdiq edirlər ki, Qarabağın dağlıq hissəsi Azərbaycanın ayrılmaz hissəsidir və Yuxarı Qarabağ heç bir statusa malik ola bilməz. Azərbaycan tərəfi bir daha bildirmişdir ki, Azərbaycanda yaşayan ermənilər digər milli azlıqlar kimi beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş bütün hüquqlara malik olacaqlar. Bununla birlikdə Azərbaycan Qarabağın dağlıq hissəsində 3-cü tərəfin silahlı qüvvələrinin daxil edilməsini qeyri mümkün edir.