Azərbaycan Silahlı Qüvvələri daha bir döyüş əməliyyatını uğurla başa çatdırıb. Ordumuzun Füzuli bölgəsindəki bölmələri bu gün hücuma keçərək düşmənin alınmaz qalası sayılan Martuni (indiki Xocavənd) şəhərini və onun yaxınlığındakı Xocavənd kəndini azad etmişlər. İgid döyüşçülərimiz eyni zamanda bu istiqamətdə yerləşən Köynəktəpə və Gültəpə yüksəkliklərini ələ keçirmiş, Hadrut istiqamətdə isə ermənilərin daha bir postunu darmadağın etmişdir. Bu əməliyyat nəticəsində düşmənin 5 tankı, 7 topu və 200-dən çox əsgəri məhv edilib.
Qarabağın digər bölgələrində də hərbi əməliyyatlar davam edir. Bütün Ağdam cəbhə boyu və Ağdərə rayonunun cənubunda döyüşlər xeyli şiddətlənib.
Ermənistanla sərhəd bölmələrimizdə vəziyyət gərgin olaraq qalır. Laçın rayonunun Hocaz kəndi uğrunda döyüşlər davam edir. Burada düşmənin 2 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib. Dünən axşam erməni silahlı birləşmələri dövlət sərədimizi havadan və qurudan pozaraq Hocaz məntəqəsi ətrafındakı mövqelərimizə vertolyotlardan və piyada qüvvə vasitəsilə zərbə endirmişlər. Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər bölmələri bu yeni təcavüzkarlıq cəhdini dəf etmişlər. Ötən axşam Ermənistan ərazisindən Tovuz rayonunun ərazisi avtomat və pulemyotlardan, Zəngilanın Saralıq-Xəşdad və Quyudərə-Xəşdad, Günqışlaq kəndləri top və iriçaplı pulemyotlardan, Qubadlının Fəracan kəndi isə Laçının zəbt edilmiş kəndlərindən müxtəlif növ silahlardan atəşə tutulub. Bu gün isə Zəngilanın Ağkənd, Seyidlər və Qazançı kəndləri də Qafan rayonu ərazisindən top atəşinə tutulub. Dağıntı var.
Qazax, Ağstafa, Gədəbəy rayonlarında və Naxçıvan MR-da nisbi sakitlikdir.