Dünən xəbər vermişdik ki, Ordumuzun Füzuli bölmələri hücum əməliyyatı nəticəsində Xocavənd şəhərini və yaxınlığındakı eyni adlı kəndi azad ediblər. Bunu görən ermənilər Ağdam cəbhəsindən əlavə qüvvə - çoxlu sayda piyada və 10-dan çox tank gətirərək Xocavənd istiqamətdə əks-hücuma keçiblər. Qoşunlarımız yeni tutulmuş mövqelərdə möhkəmlənmədiyindən artıq itkilər verməmək üçün tutulan məntəqələri tərk etməyə və geri çəkilməyə məcbur olmuşlar.
Ağdam cəbhəsindəki döyüşlər Xanabad və Gülablı məntəqələri uğrunda gedir. Dünənki döyüşlərdə düşmənin 1 yük avtomaşını və 8 əsgəri məhv edilib. Biz tərəfdən 3 nəfər yaralanıb. Dünən axşam Fərrux kəndi yaxınlığındakı strateji əhəmiyyətli yüksəklik döyüşçülərimiz tərəfindən ələ keçirilib.
Sərhəd bölgələrimizdə ötən gecə əsasən sakit keçib. Dünən, sentyabrın 23-də saat 22-dən başlayaraq Tovuz rayonunun Ağdam kəndinin gözətçi məntəqəsi yüngül silahlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.