Ötən bir gün ərzində münaqişə zonalarında elə bir ciddi dəyişiklik baş verməmişdir. Artıq neçə gündür ki, Laçın rayonunun Hocaz kəndi ətrafında döyüşlər davam edir. Ağdam istiqamətində və Ağdərənin cənubunda döyüşlər məhəlli xarakter daşıyır. Döyüşçülərimiz Fərrux ətrafındakı tutulmuş yüksəkliklərdə öz mövqelərini möhkəmləndirirlər. Xanabad və Çıldıran ətrafında da atışmalar davam edir.
Sərhəd bölgələrimiz yenə də atəşə tutulur. Dünən axşam Gədəbəy rayonunun Mormor kəndi minaatanlardan və avtomatlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub. Ötən gecə Zəngilan rayonunun Ağkənd, Qazançı, Günqışlaq kəndləri də atəşə məruz qalıb.
Digər münaqişə bölgələrində nisbi sakitlikdir.