Atəşin dayandırılması barədə razılığın şərtlərini kobud surətdə pozan qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərləri Ermənistan, Azərbaycan və Rusiya Müdafiə nazirlərinin imzaladığı sənədi heçə endirmişlər. Qondarma DQR-nın müdafiə komitəsinin sədri Sarkisyan həyasızcasına bildirmişdir ki, danışıqların şərtini qəbul etmək istəmir və müharibəni davam etdirmək fikrindədir. Ermənistan Respublikasının müdafiə naziri Vazgen Sarkisyan isə bizi əmin edib ki, Yuxarı Qarabağdakı erməni silahlı dəstələri razılığa əməl etməsələr, Ermənistan hökuməti özü onlara qarşı tədbir görəcəkdir.
Lakin buna baxmayaraq, Ermənistan ekspedisiya korpusunun Yuxarı Qarabağda cəmləşən bölmələri əvvəlki kimi mövqelərimizi atəşə tutmaqda davam edirlər.
Ermənistan ekspedisiya korpusu bölmələrinin bu gün Çıldıran istiqamətində hücumu genişləndirməsinə baxmayaraq, Azərbaycan Ordusunun və Daxili Qoşunların bölmələri düşməni geriyə oturdublar. Düşmənin 1 tankı, 1 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib.
Sentyabrın 26-da saat 15-dən sonra düşmənlər Ağdam şəhərini və rayonun Xıdırlı, Əhmədəvar və Çuxurməhlə kəndlərini “Qrad” tipli qurğulardan, tanklardan və toplardan atəşə tuturlar. Kəndlərdə dağıntı var.
Dünən axşam Zəngilan rayonunun Şükürataz yüksəkliyi, Qazançı, Seyidlər, Qubadlı rayonunun Saldaş, Sərəcan kəndləri Ermənistan ərazisindən ağır silahlardan atəşə tutulub. Zəngilanda 6 ev dağıdılıb. 1 nəfər şəhid olub, 1 nəfər yaralanıb.
Sentyabrın 27-də saat 15:45-də düşmənlər Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında yerləşən mövqelərimizi atəşə tutmağa başlayıblar.
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri danışıqlara əməl edərək atəş açmır. Atəş ara verməzsə, cavab tədbirləri görüləcəyi düşmən tərəfinin nəzərinə çatdırılıb.
Azərbaycan Silahlı Qüvvələri və Daxili Qoşun bölmələri bütün cəbhə boyu sayıq vəziyyətdə dayanıb. Düşmənin hücumlarını istənilən vaxt dəf etməyə hazırdır.