Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Sentyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Atəşin dayandırılmsı haqqında razılığın əldə olunmasını və Azərbaycan tərəfinin bu  razılığa ciddi əməl etməsinə baxmayaraq, Ermənistan tərəfi, eləcə də Qarabağdakı Ermənistan ekspedisiya korpusunun bölmələri mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər.
Dünən axşam Qazax rayonunun Məzəm, Quşçu-Ayrım kəndləri, Zəngilanın Şükürataz məntəqəsi Ermənistan ərazisindən atəşə tutulub. Bu gün isə Tovuzun Həsənli və Əlibəyli kəndləri, Qubadlının sərhəd məntəqələri atəşə məruz qalıb.
Bu gün saat 14-15 radələrində Ermənistanın Krasnoselsk rayonunun Ordjanakidze kəndi tərəfindən hərəkət edən 2 tank dövlət sərhədini pozaraq Gədəbəy rayonu ərazisinə daxil olmuşdur. Döyüşçülərimiz cavab tədbirləri görmək məcburiyyətində qalıblar.
Düşmən qüvvələri Qarabağ ərazisində də öz hərəkətləri ilə bağlanmış sazişə əməl etməyəcəklərini nümayiş etdirirlər. Ötən gecə Əsgəran və Gülablı istiqamətlərindən Ağdam şəhəri və rayonunun Şelli, Xıdırlı top atəşinə məruz qalıb. Mövqelərimizin Xanabad istiqamətindən atəşə tutulması nəticəsində əsgərlərimizdən 1 nəfər yaralanıb. Ermənilər Ağdərə bölgəsində də ordumuzun mövqelərinə atəş açırlar. Belə getsə döyüşçülərimiz cavab tədbirləri görmək məcburiyyətində qalacaqlar. Cavab tədbirlərinin görülməsində bütün məsuliyyət erməni tərəfinin üzərinə düşür.