Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 1992 10:01

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 30-na keçən gecə də münaqişə bölgələrində sakitlik bərpa olunmamışdır. Atəşin dayandırılmsı haqqında sazişin 5-ci günü getsə də erməni tərəfi həm sərhəd bölgələrində, həm də Qarabağ torpağında mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.
Dünən Ağstafa rayonunun ərazisi və Gədəbəyin Sarıyal məntəqəsi toplardan və minaatanlardan atəşə tutulmuşdur. Nəticədə Sarıyalda bir döyüşçümüz ağır yaralanmışdır.
Ötən gecə Qazax rayonunun Böyük Cəfərli kəndinə və Cəbrayıl rayonunun Nizus gözətçi məntəqəsinə erməni mövqelərindən pulemyot atəşi açılmışdır. Dünən axşam saat 21-ə yaxın ermənilər Tovuz rayonunun Muncuqlu kəndini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutmağa başlamışlar. Atəş bir neçə saat ara vermədiyinə görə, döyüşçülərimiz məcbur olub tutarlı cavab atəşi açıblar. Gecə saat 01:00-a qədər davam edən atışmada düşmən tamamilə susdurulmuşdur.
Laçın rayonunun şimalında, Hocaz uğrunda döyüşlər səngimək bilmir. Erməni işğalçıları əlavə qüvvə toplayaraq Laçın bölgəsinin cənubunda da hücuma keçməyə cəhd edirlər. Bunun müqabilində qoşunlarımız cavab tədbirləri görmək məcburiyyətindədirlər.
Erməni ekspedisiya korpusunun qüvvələri atəşin rəsmi elan edilmiş dayandırımı müddətindən Qarabağda və sərhədlərimiz boyu möhkəmlənmə, Laçın dəhlizini yenidən genişləndirmək kimi məqsədlərdən ötrü istifadə edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı erməni tərəfini bir daha xəbərdarlıq edir ki, belə vəziyyət yolverilməzdir.