Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Sentyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Sentyabrın 30-na keçən gecə və bu gün münaqişə bölgələrində sakitlik bərpa olunmamışdır. Atəşin dayandırılmsı haqqında sazişin 5-ci günü getsə də, erməni tərəfi həm sərhəd bölgələrində, həm də Qarabağ torpağında mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Dünən Ağstafa rayonunun ərazisi və Gədəbəyin Sarıyal məntəqəsi toplardan və minaatanlardan atəşə tutulub. Sarıyalda 1 döyüşçümüz ağır yaralanıb. Ötən gecə Qazax rayonunun Böyük Cəfərli kəndinə və Cəbrayıl rayonunun Nizus gözətçi məntəqəsinə erməni mövqelərindən pulemyot atəşi açılmışdır. Dünən axşam saat 21-ə yaxın ermənilər Tovuz rayonunun Muncuqlu kəndini avtomat, pulemyot və qumbaraatanlardan atəşə tutmağa başlamışlar. Atəş bir neçə saat ara vermədiyinə görə, döyüşçülərimiz məcbur olub tutarlı cavab atəşi açıblar. Gecə saat 01:00-a qədər davam edən atışmada düşmən tamamilə susdurulmuşdur.
Qubadlı rayonunun Muradcanlı, Laçının Güləbird və Səfiyan kəndləri sentyabrın 30-u bütün gün ərzində erməni mövqelərindən atəşə tutulub. Bundan başqa Laçın rayonunun şimalında, Hocaz uğrunda döyüşlər səngimək bilmir. Erməni işğalçıları əlavə qüvvə toplayaraq Laçın bölgəsinin cənubunda da hücuma keçmək üçün cəhd edirlər. Bunun müqabilində qoşunlarımız cavab tədbirləri görmək məcburiyyətindədirlər.
Dünən axşam Zəngilanın Şərixan və Şayıflı kəndləri güclü artilleriya atəşinə məruz qalıb. Bu kəndlərə 60-dan çox mərminin düşməsi nəticəsində böyük dağıntılar olub. Bu gün isə saat 17:30-dan həmin rayonun Kollu kəndində erməni snayperləri atəş açaraq 1 yaşlı qadını öldürmüş, 2 cavan isə ağır yaralanmışdır. Bu gün saat 17-dən başlayaraq Zəngilanın bütün sərhəd boyu kəndləri ağır silahlardan güclü atəşə məruz qalıb. Zəngilan rayonunun belə atəşə tutulması bu rayonda Azərbaycan və Ermənistan Ali Sovetlərinin nümayəndə heyətlərinin görüşü ərəfəsində baş verir. Bu isə onu göstərir ki, oktyabrın 2-də rayonunun Kollu kəndində keçiriləcəyi nəzərdə tutulan görüşü erməni tərəf pozmağa çalışır.
Erməni ekspedisiya korpusunun qüvvələri rəsmi elan olunmuş atəşin dayandırılmasından Qarabağda öz mövqelərini möhkəmləndirmək və Laçın dəhlizini yenidən genişləndirmək kimi məqsədlərindən ötrü istifadə edirlər.
Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı erməni tərəfini bir daha xəbərdarlıq edir ki, belə vəziyyət yolverilməzdir.
Atəşin dayandırılması haqqında razılığa əməl olunmasına nəzarət etmək üçün Azərbaycan Respublikasının Müdafiə naziri rəsmən Rusiya, Ukrayna, Qazaxıstan və Belarusiya respublikalarına müraciət edərək münaqişə zonalarına müşahidəçi göndərmələrini xahiş etmişdir. Lakin indiyə qədər yalnız Rusiya öz müşahidəçilərini göndərmişdir. Belarusiya hökuməti isə bu məsələni Ali Sovetin səlahiyyətində olduğunu bəhanə gətirərək müşahidəçi göndərməkdən imtina etmişdir.