Azərbaycan Milli Ordusunun Ağdam və Tərtər bölmələri dünən və bu gün avqustun 31-də əməliyyatlarını davam etdirərək Ağdərə rayonunun Mehmanə kəndində birləşiblər və bu məntəqəni erməni işğalçılarından tam təmizləyiblər. Döyüşdə düşmənin 2 tankı, 3 PDM-i, 2 avtomaşını vurulub sıradan çıxarılıb, 1 tank isə ələ keçirilib. Silahlı Qüvvələrimiz Koçoqot kəndi uğrunda da döyüşlər aparırlar.
Qarabağın cənubunda, Xocavənd rayonunun Noraşen və Qatsı kəndləri arasında yerləşən ermənilərin hərbi kazarması darmadağın edilib.
Erməni silahlı birləşmələri Gədəbəy rayonu ilə həmsərhəd Krasnoselsk rayonunda Azərbaycan Dövlət Sərhədini yarmaq məqsədi ilə xeyli texnika və canlı qüvvə cəmləşdirmişlər. Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy bölmələri düşmənin qara niyyətinin qarşısını almışdır. Ermənilərin 1 tankını məhv etmişlər və 2 tankı, 1 zenit qurğusunu, 2 avtomatik qumbaraatanı, 2 iriçaplı pulemyotu və 2 avtomaşını ələ keçirmişlər. Sərhədimizin toxunulmazlığını müdafiə edərkən 3 əsgərimiz şəhid olub, 10-u isə yaralanıb. Hazırda sərhəd zonasında yerləşən yüksəkliklər bizim nəzarətimiz altındadır. Bu gün, avqustun 31-də bütün gün ərzində həmin mövqelərdə qızğın atışma olmuşdur.
Qazax, Ağstafa, Kəlbəcər, Qubadlı, Füzuli rayonlarında və Naxçıvan MR-da nisbi sakitlik olub.