Ermənistandan Qarabağa hərbi texnika və döyüş sursatının maneəsiz daşınmasını təmin etmək məqsədilə erməni silahlı dəstələri dünən, avqustun 29-da axşamüstü güclü top hazırlığından sonra Laçın rayonunun Milli Ordumuzun əlində olan Güləbird, Səfiyan, Yuxarı Fərəcan, Aşağı Fərəcan və Suarası kəndlərinə hücuma keçmişlər. Eyni vaxtda Qubadlı rayonunun Çıldır kəndi Gorusun Şurnux kəndindən artilleriya atəşinə tutulmuşdur. Döyüşçülərimiz toplardan atəş açaraq düşməni dayandırmış, sonra piyada qoşunlarımız əks-hücuma keçərək, erməniləri geri oturtmuşlar. Hazırda Silahlı Qüvvələrimiz əvvəlki mövqelərdə möhkəmlənirlər.
Ağdərə bölgəsində əsasən strateji əhəmiyyətli mövqelər uğrunda döyüşlər gedir. Bu gün, avqustun 30-da, səhər Ordumuzun Ağdam bölmələri Mehmanə kəndi tərəfdə 1-3 km irəliləyiblər. Səhərdən Ağdam rayonunun Abdal və Gülablı kəndləri atəşə tutulub. Cavab atəşilə ermənilərin Noraşen kəndi yaxınlığında içərisi yüklə dolu 1 KAMAZ avtomaşını yandırılıb. Naxçıvanik-Pircamal istiqamətində nisbi sakitlik olub.
Avqustun 30-na keçən gecə Tovuz rayonu Ağdam kəndinin gözətçi məntəqəsinə ermənilər hücum ediblər. Bu həmlə dəf edilib. 3 nəfər erməni yaraqlısı öldürülüb. Biz tərəfdən təlafat yoxdur.
Ötən axşam və gecə Qazax rayonunun Məzəm kəndi, Ağstafanın sərhəd postları, Gədəbəyin Sarıyal, Şimiri və Mormor kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Şərur rayonunun müxtəlif postları atəşə tutulub. Sədərəkdə 2 döyüşçümüz yüngül yaralanıb. Bütün hallarda düşmənə cavab atəşi açılıb.
Zəngilan, Cəbrayıl və Füzuli bölgələrində sakitlik olub.