Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistandan Qarabağa hərbi texnika və döyüş sursatının maneəsiz daşınmasını təmin etmək məqsədi ilə erməni silahlı birləşmələri dünən avqustun 29-da axşamüstü, güclü top hazırlığından sonra Laçın rayonunun Milli Ordumuzun əlində olan Güləbird, Səfiyan, Yuxarı Fərəcan, Aşağı Fərəcan və Suarası kəndlərinə hücuma keçmişlər. Eyni vaxtda Qubadlı rayonunun Cılfır kəndi Gorusun Şurnux məntəqəsindən artilleriya atəşinə tutulmuşdur. Döyüşçülərimiz toplardan atəş açaraq düşməni dayandırmış, sonra piyada qoşunlarımız əks-hücuma keçərək erməniləri geri oturtmuşlar. Hazırda Silahlı Qüvvələrimiz əvvəlki mövqelərdə möhkəmlənirlər.
Ağdərə bölgəsində Ordumuzun Kəlbəcər bölmələri Koçoqot kəndi ətrafında döyüşlər aparırlar. Bu gün avqustun 30-da səhər Ordumuzun Ağdam bölmələri Mehmanə kəndi tərəfdən 3 kilometrədək irəliləyirlər. Səhərdən Ağdam rayonunun Abdal və Gülablı kəndləri atəşə tutulub. Cavab atəşi ilə ermənilərin Noraşen kəndi yaxınlığında içərisi yüklə dolu bir “Kamaz” avtomaşını yandırılıb. Naxçıvanik-Pircamal istiqamətində nisbi sakitlik olub.
Avqustun 30-na keçən gecə Tovuz rayonu Ağdam kəndinin Qaraqaya gözətçi məntəqəsinə ermənilər hücum ediblər. Həmlə dəf edilərkən, 3 erməni yaraqlısı öldürülüb. Biz tərəfdən təlafat yoxdur.
Ötən axşam və gecə Qazax rayonunun Məzəm kəndi, Ağstafanın sərhəd postları, Gədəbəyin Mormor kəndi, Sarıyal, Şimiri yüksəklikləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Şərur rayonunun Çağazur və Havuş müdafiə postları atəşə tutulub. Sədərəkdə 2 döyüşçümüz yüngül yaralanıb. Avqustun 30-u gün ərzində Zəngilanın Seyidlər və Qazançı kəndləri, Cəbrayıl istiqamətində Sur kəndi müxtəlif növ silahlardan atəşə tutulub. Bütün hallarda düşmənə cavab verilib.
Tək Füzuli bölgəsində sakitlik olub.