Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Kəlbəcər

 

Keçən gecə SQ-in bölmələri Ağdərə rayonunun ərazisində uğurlu döyüş əməliyyatlarını davam etdirərək xeyli irəliləmişlər. Döyüşçülərimiz daha bir kəndi – Arutunoqomeri işğalçılardan azad etmişlər.

 

Döyüş vaxtı düşmənin 3 tankı bizimkilərin əlinə keçmişdir. Ermənilərin 2 PDM-i, 2 topu və xeyli canlı qüvvəsi (100-dək) məhv edilib. Arutunoqomer kəndindəki sursat anbarı darmadağın edilib. Əsgərlərimizdən 3 nəfər qəhrəmancasına həlak olmuş, 12 nəfər isə yaralanıb. Hazırda SQ-in müzəffər yürüşü davam edir.

 

Ağdam

 

Bu gün səhər saat 5-6 radələrində Koçoqot, Çıldırandan Sırxavənd istiqamətində qaçan düşmənin 20-dək maşın karvanı döyüşçülərimiz tərəfindən atəşə tutulub. 3 maşın tam yanmış, qalanları isə zədələnib.

 

Düşmənin xeyli yaraqlısı məhv edilib. Hazırda Mehmanə və Sırxavənd istiqamətində torpaqlarımızın təmizlənməsi əməliyyatı davam edir.

 

Tovuz

 

Avqustun 29-na keçən gecə Əlibəyli kəndi Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulub. Düşmən cavab atəşilə susdurulub. Təlafat olmayıb.

 

Qubadlı

 

Ötən gecə Laçın dəhlizindən Qarabağa daha bir sursatla dolu maşın karvanı keçməyə cəhd göstərib. Topçularımız bu dəfə də yolu atəşə tutduqdan sonra karvanı geri dönməyə məcbur etmişlər. Saat 23-dən başlayaraq maşınlar bir-bir keçməyə məcbur olublar. Belə ermənilər 5 maşın keçirə biliblər.

 

Zəngilan

 

Dünəndən başlayaraq rayon ərazisindən bütün sərhədyanı kəndlər düşmən tərəfindən müxtəlif növ silahlardan atəşə tutulub. Seyidlər və Yuxarı Yeməzli kəndləri ətrafındakı döyüşlərdə ermənilərin 1 tankı və 2 topu vurulub. Rayon ərazisində xeyli dağıntı var.

 

Cəbrayıl

 

Keçən gecə Sur kəndindəki mövqelərimiz keçmiş Hadrut rayonunun Şatax kəndi istiqamətindən pulemyot və avtomatlardan ara-sıra atəşə tutulub.