Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Milli Ordusunun Ağdərə bölgəsindəki müzəffər yürüşü davam edir. Avqustun 29-na keçən gecə və bu gün Silahlı Qüvvələrin Kəlbəcər bölmələrinin uğurlu hücumu nəticəsində Arutunoqomer və Yuxarı Orataq kəndləri azad edilmişdir. Döyüşlər vaxtı düşmənin xeyli canlı qüvvəsi, 2 tank, 2 PDM, 4 topu məhv edilib, üstəlik 3 tank sağ vəziyyətdə ələ keçirilib. Arutunoqomerdə ermənilərin sursat anbarı dağıdılıb. Əsgərlərimizdən 3 nəfər qəhrəmancasına həlak olub. 12 nəfər yaralanıb. Şəhidlərin arasında Batalyon komandiri baş leytenant Xosrov Əhmədov da şəhidlərin arasındadır. Allah bütün şəhidləri rəhmət eləsin.
Dünən avqustun 28-də, Arutunoqomer kəndindən qaçan yerli ermənilər Çıldıran kəndində Ermənistandan gələn dəstələrlə toqquşublar. Bu gün aldığımız məlumata görə, hücumumuzdan təşvişə düşən yaraqlılar səhər saat 5-6 radələrində Koçaqot və Çıldıran kəndlərindən 20-dək maşından ibarət karvan qurub, Sırxavənd tərəfə qaçıblar.
Ötən gecə Laçın dəhlizindən Qarabağa düşmənin bir sursatla dolu karvanı keçməyə cəhd göstərib. Topçularımızın atəşi nəticəsində bu karvanda geri dönməyə məcbur olub.
Ağstafa, Tovuz, Gədəbəy, Laçın, Zəngilan, Cəbrayıl rayonlarının ərazisi və Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi ötən gecə və bu gün müxtəlif silahlardan atəşə tutulub.
Qazax, Kəlbəcər, Qubadlı və Füzuli rayonlarında nisbi sakitlikdir.