Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsinin cənubunda döyüş əməliyyatları davam edir. Ordumuzun Ağdam bölmələri ötən gecə daha bir kəndi – Baş Güneypəyəni düşmənlərdən azad etmişlər. Dünən axşam Çıldıran kəndi yaxınlığında ermənilərin top batareyası sıradan çıxarılıb. Hazırda döyüşlər Mehmanə və Çıldıran kəndləri istiqamətində gedir. Düşmənin geri çəkilməsi və xeyli canlı qüvvənin itirilməsi Ağdam bölmələrində 7 şəhid və 21 nəfər yaralının qanı bahasına başa gəlib. O cümlədən batalyon komandiri Allahverdi Qəmbərov qəhrəmancasına həlak olub.
Avqustun 28-nə keçən gecə Gorus və Qafan istiqamətindən Laçın, Qubadlı və Zəngilan rayonları ərazisi top atəşinə tutulub. Düşmən cavab atəşilə susdurulub. Ötən gecə topçularımızın fədakarlığı sayəsində Laçın dəhlizindən keçmək istəyən daha bir maşın karvanının qarşısı alınıb.
Naxçıvan MR-nın Sədərək qəsəbəsi ötən gecə ara-sıra atəşə tutulub. Bizim tərəfdən bir nəfər yaralanıb.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Cəbrayıl və Füzuli bölgələrində ötən axşam və gecə sakit keçmişdir.