Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Ağdərə bölgəsinin cənubunda döyüş əməliyyatları davam edir. Ordumuzun Ağdam bölmələri ötən gecə daha bir kəndi – Baş Güneypəyəni düşmənlərdən azad ediblər. Dünən axşam Çıldıran kəndi yaxınlığında ermənilərin top batareyası çıxarılıb. Bu gün Əliağalı-Qazançı-Sırxavənd, Gülyataq-Mehmanə, Baş Güneypəyə-Çıldıran istiqamətlərində gərgin döyüşlər davam edir. Düşmənin 2 PDM-i, 1 tankı və xeyli canlı qüvvəsi məhv edilib. Bizimkilərdən 7 nəfər, o cümlədən batalyon komandiri Allahverdi Qəmbərov qəhrəmancasına həlak olub, 21 nəfər yaralanıb. Qarabağın cənubunda Füzuli bölmələri keçmiş Hadrut rayonunun Düdükçü kəndi istiqamətində düşmənin bir zenit qurğusunu məhv ediblər.
Ötən gecə topçularımızın fədakarlığı sayəsində Laçın dəhlizindən keçmək istəyən daha bir maşın karvanının qarşısı alınıb.
Avqustun 28-nə keçən gecə Gorus və Qafan istiqamətində Laçın və Qubadlı rayonlarının ərazisi top atəşinə tutulub.
Bu gün, avqustun 28-də Tovuz rayonunun Haçalı kəndi Şəmşəddin rayonunun Çinar kəndi istiqamətindən atəşə tutulub. Bir nəfər yaralanıb. Bu gün günortadan sonra Zəngilan rayonunun sərhədboyunca yerləşən bütün kəndləri Ermənistanın Qafan rayonunun ərazisindən “Qrad” tipli qurğulardan, tanklardan, toplardan güclü atəşə tutulur. Bir nəfər yaralanıb. Cavab atəşi ilə düşmənin 1 tankı məhv edilib.
Naxçıvan MR-nın Sədərək qəsəbəsi ara-sıra atəşə tutulub. Nəticədə bir nəfər yaralanıb.
Qazax, Ağstafa, Gədəbəy, Qubadlı, Cəbrayıl bölgələrində vəziyyət nisbətən sabitdir.