Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri Yuxarı Qarabağın düşməndən təmizlənmiş məntəqələrində öz mövqelərini möhkəmləndirirlər. Sərsəng su anbarının cənub hissəsində mövqe döyüşləri gedir. Ordumuzun Füzuli bölgəsindəki bölmələri düşmənin Hadrut istiqamətində hərəkət edən hərbi sursatla dolu 18 ZİL 130 markalı yük avtomaşınını və 2 PDM-ni vurub sıradan çıxarıblar.
Bütün cəbhə boyu mövqelərimizin və yaşayış məntəqələrimizin düşmən tərəfindən atəşə tutulması xeyli güclənmişdir. Avqustun 27-nə keçən gecə Ağdam şəhəri və rayonun Abdal, Gülablı, Papravənd, Qalayçılar kəndləri, Ağdərə bölgəsindəki Canyataq, Gülyataq kəndləri, Füzuli rayonunun ərazisi, Cəbrayıl stiqamətindəki Sur kəndi Yuxarı Qarabağda yerləşən erməni mövqelərindən, Ağstafa rayonunun Köhnə Qışlaq kəndi, Gədəbəyin Mutudərə və Mormor kəndləri, Laçın və Qubadlı rayonunun sərhəd kəndləri, Zəngilan rayonunun Qazançı, Seyidlər, Şükürataz kəndləri, Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Şahbuz rayonunun Batabat məntəqəsi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Gədəbəy bölgəsindəki döyüşçülərimiz cavab atəşilə düşmənin 1 tankını, 4 topunu və xeyli canlı qüvvəsini məhv ediblər.
Qazax, Tovuz rayonlarında vəziyyət nisbətən sabitdir.