İkinci gündür ki, Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ekspedisiya korpusu hissələri arasında əsas etibarı ilə mövqe döyüşləri aparılır. Ermənilərdən təmizlənmiş mövqelərə Ordumuzun bölmələri əvvəlki kimi nəzarət edir.
Bu gün, avqustun 26-da Milli Ordunun döyüşçüləri ermənilərin Arutyunaqomer, Vanklu, Koçoqot məntəqələrindəki mövqelərinə güclü artilleriya zərbəsi endirmiş, Çıldıran kəndindəki düşmən qərargahını darmadağın etmişlər. Qarabağın şimalında düşmən verdiyi itkilərə baxmayaraq, uğradığı məğlubiyyətlərin əvəzini çıxmaq istəyir. Bu bölgədə ermənilərin xeyli miqdarda canlı qüvvəsinin və texnikasının cəmləşdiyi müşahidə olunur.
Avqustun 26-na keçən gecə Zəngilan rayonunun Ağkənd, Seyidlər və Qazançı kəndləri Ermənistanın Qafan rayonu istiqamətindən, Gədəbəyin sərhəd zonası Krasnoselsk rayonu ərazisindən, Füzuli rayonunun Gorazıllı kəndi və rayon mərkəzinin özü Yuxarı Qarabağın erməni mövqelərindən, bu gün isə Qubadlı rayonunun ərazisi Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Milli Ordunun Füzuli bölmələrinin cavab tədbirləri nəticəsində düşmənin 1 tankı və 1 topu sıradan çıxarılıb.
Qazax, Tovuz, Ağstafa rayonlarında və Naxçıvan MR-da vəziyyət nisbətən sabitdir.