Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Qarabağın şimalında, Azərbaycan Silahlı Qüvvələri ilə Ermənistan ekspedisiya korpusunun hissələri arasında şiddətli döyüşlər davam edir.
Avqustun 24-də axşam döyüşçülərimiz Ağdərə bölgəsinin cənub-şərqində yerləşən daha bir yaşayış məntəqəsini – Qazançı kəndini azad ediblər. Gülyataq, Mehmana, Drmbon istiqamətində döyüşlərdə düşmənin 1 “Qrad” qurğusu, 1 PDM-i, 1 yük avtomaşını məhv edilib.
Dünən, avqustun 24-də topçularımız Qubadlı istiqamətində fəaliyyət göstərən, Zəngilan rayonunu 3 gün güclü artilleriya atəşinə məruz qoyan düşmən mövqelərini darmadağın ediblər. Bundan sonra Qubadlı və Zəngilan bölgələrində sakitlik bərpa olunub. Avqustun 25-nə keçən gecə topçularımız Laçın dəhlizindən keçmək istəyən ermənilərin 1 ZTR-ni sıradan çıxarıb, xeyli canlı qüvvəsini məhv ediblər. Döyüşçülərimiz Laçın rayonunun Suarın və Xalalar kəndlərinə tam nəzarət edirlər.
Ötən gecə Tovuz rayonunun Əlibəyli, Ağdam kəndləri Ermənistanın Berd rayonu ərazisindən, Füzuli rayonunun ərazisi müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Qazax, Ağstafa, Gədəbəy, Cəbrayıl rayonlarında gecə nisbi sakit keçmişdir.