Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin Tərtər bölmələri Qarabağın şimalında hücum əməliyyatlarını davam etdirirlər. Hazırda döyüşlər Sərsəng su anbarının cənubunda gedir. Ordumuzun Ağdam bölmələrinin azad etdikləri Canyataq, Gülyataq və Orta Güneypəyə kəndləri ermənilər tərəfindən atəşə tutulmasına baxmayaraq döyüşçülərimiz düşmənin müqavimətini qırmaqda davam edirlər.
Qarabağın cənubunda yerləşən Azərbaycan SQ-ri avqustun 23-də ermənilərin Martunidəki hərbi sursat anbarını partlatmış, 1 tankı, 1 ZTR-i və üstündə top olan 1 avtomaşını məhv etmişlər. Ötən gecə topçularımız daha bir tankı və 1 PDM-i sıradan çıxarmış, ermənilərin Martunidəki qərargahını da dağıtmışdır.
Avqustun 24-nə keçən gecə ermənilərin Laçın dəhlizi ilə hərbi sursatla dolu 20 maşından ibarət karvanının Yuxarı Qarabağa getməsinin qarşısı alınmışdır. Topçularımızın sərrast atəşi ilə düşmənin bir neçə maşını və xeyli miqdarda erməni yaraqlısı məhv edilib.
Artıq 3-cü gündür ki, Zəngilan rayonunun yaşayış məntəqələri Ermənistan ərazisindən müxtəlif təyinatlı silahlardan atəşə tutulur. Təlafat və dağıntı var. Bu gün avqustun 24-də Ermənistan SQ-ri dövlət sərhədini pozaraq Yeməzli və Kollu kəndlərinə girmiş, bir neçə evi yandırmışlar. Döyüşçülərimiz əks hücuma keçərək düşməni geri oturtmuşlar. Hazırda ağır döyüşlər gedir.
Ötən gecə Tovuz, Gədəbəy rayonlarının ərazisi, Ağdamın Abdal və Gülablı kəndləri güclü artilleriya atəşinə məruz qalıb.
Bu gün günortadan sonra Qubadlı rayonunun Ermənistanla bütün sərhədboyu kəndləri “Qrad” qurğularından, toplardan və tanklardan atəşə tutulub. Düşməni susdurmaq üçün cavab tədbirləri görülür.
Qazax, Ağstafa rayonlarında, Naxçıvan MR-da vəziyyət nisbətən sabitdir.