Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Ağdərə rayonunda yerləşən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Drmbon və Mehmana kəndlərini götürdükdən sonra ətraf ərazini düşmənlərdən təmizlənmə əməliyyatları keçirdirlər. Ağdam tərəfdən irəliləyən dəstələrimiz hal-hazırda Baş-Güneypəyə və Qazançı məntəqələri istiqamətində döyüşlər aparırlar.
Laçın “humanitar” dəhlizini təhlükəsiz etmək məqsədi ilə ermənilər Fərəcan kəndinə hücuma keçmişlər. Hücum dəf olunub. Düşmənin 1 ZİL, 1 QAZ-53 markalı maşını və 5 əsgəri məhv edilib. Bundan əlavə topçularımız dəhlizdən keçmək istəyən 6 erməni maşını vurub məhv ediblər. Bu gün avqustun 23-də Ermənistanla həmsərhəd rayonlarda vəziyyət gərginləşib. Tovuz, Gədəbəy və Zəngilan rayonlarının sərhəd boyu yerləşən kəndləri atəşə tutulub. Zəngilan bölgəsində bütün sərhəd boyu döyüşlər gedir. Döyüşçülərimiz düşmənin hücumunu mərdliklə dəf edirlər. Əsgərlərimizdən 7 nəfər şəhid olub, 11 nəfər yaralanıb. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yerləşən hərbi anbara 23-nə keçən gecə naməlum şəxslər tərəfdən basqın olunub. Atışmadan sonra basqınçılar aradan çıxıblar.
Qazax, Ağstafa, Füzuli, Cəbrayıl, Qubadlı bölgələrində sakitlikdir.