Silahlı Qüvvələrimizin Yuxarı Qarabağın Ermənistan ekspedisiya korpusu hissələrindən təmizlənməsi uğrunda apardıqları döyüşlər müvəffəqiyyətlə davam edir. Bu gün avqustun 22-də Tərtər istiqamətindən hərəkət edən döyüşçülərimiz ermənilərin güclü istehkama çevirdikləri və uzun müddət Azərbaycan Ordusunun irəliləməsinə mane olan Drmbon kəndini işğalçılardan təmizləyiblər. Nəticədə Sərsəng su anbarının cənubundan keçən Tərtər-Kəlbəcər yolu tamamilə bizim nəzarətimiz altına keçib.
Ordumuzun Ağdam hissələri də daha bir uğurlu əməliyyat aparıblar. Bu gün avqustun 22-də axşama yaxın Ağdərə ərazisində yerləşən 3 kənd Manikli, Xatınbəyli və Orta Güneypəyə ermənilərdən azad edilib. Bundan əlavə döyüşçülərimiz 5 strateji əhəmiyyətli yüksəklikləri ələ keçirmişlər. Hazırda Azərbaycan Silahlı Qüvvələri Ağdərə rayonu ərazisinin düşmənlərdən tamamilə təmizlənməsi uğrunda döyüş əməliyyatlarını davam etdirirlər.
Ermənistan yenə də Laçın dəhlizi vasitəsilə Yuxarı Qarabağa silah və sursat çatdırmaq arzusundan əl çəkmir. Avqustun 22-nə keçən gecə düşmən işğal olunmuş Laçın ərazisindən 30-dan çox hərbi yük maşını keçirməyə cəhd göstərmişdir. Silahlı Qüvvələrimizin bölgədəki hissələri düşmənin bu niyyətinin qarşısını alıblar. Topçularımız bir neçə avtomaşını məhv etdikdən sonra avtomobil karvanı Gorus istiqamətində geri qayıdıb.
Avqustun 22-nə keçən gecə və bu gün ərzində Cəbrayıl, Ağdam bölgələrinin Yuxarı Qarabağla bitişik kəndləri, Tovuzun Ağdam kəndi, Naxçıvan MR-nın Sədərək qəsəbəsi və Çağazur məntəqəsi düşmən ərazisindən atəşə tutulub.
Qazax, Ağstafa və Zəngilan rayonlarında vəziyyət nisbətən sabitdir.