Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Silahlı Qüvvələrimizin Ağdam bölmələri uğurlu döyüş əməliyyatını davam etdirərək Ağdərə ərazisində xeyli irəliləmişlər. Canyataq, Gülyataq kəndləri və onların ətrafındakı strateji yüksəkliklər tutulduqdan sonra əsgərlərimiz Manikli və Mehmanə kəndləri istiqamətində hərəkət edirlər. Erməni ekspedisiya korpusunun hissələri öz döyüş mövqelərini tərk edərək Xatınbəyli və Güneypəyə kəndlərinə toplaşıblar.
Silahlı Qüvvələrimizin Tərtər və Kəlbəcər istiqamətindən hərəkət edən hissələri Arutyunoqomer, Drmbon, Mehmanə kəndləri və beləliklədə Ağdərə ərazisinin tamamilə düşmənlərdən təmizlənməsi uğrunda döyüşlər aparırlar. Keçən gecə Arutyunoqomer ətrafında döyüş vaxtı döyüşçülərimizdən 6 nəfəri həlak olub, 10 nəfəri isə yaralanıb. Erməni tərəfi də xeyli itki verib.
Ermənistan yenə də Laçın dəhlizi vasitəsi ilə Yuxarı Qarabağa kömək məqsədilə silah və sursat çatdırmaq arzusundan əl çəkmir. Ötən gecə düşmən işğal olunmuş Laçın ərazisindən 30-dan çox hərbi yük maşını keçirməyə cəhd göstərmişdir. Ancaq SQ-in bölgədəki hissələri düşmənin bu niyyətinin qarşısını almışdır. Topçularımız Gorus rayonunun Tex və Kornidzor kəndlərini atəşə tutduqdan sonra bu kəndlərə toplaşan avtomobil karvanı Gorus istiqamətində geri qayıtmışdır.
Avqustun 22-nə keçən gecə Cəbrayıl, Ağdam bölgələrinin Yuxarı Qarabağla bitişik kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbəsi və Çağazir məntəqəsi düşmən ərazisindən atəşə tutulub. Sədərəkdə bir nəfər həlak olub, 9 nəfər isə yaralanıb.
Qazax, Ağstafa, Tovuz və Zəngilan rayonlarında gecə nisbətən sakit keçib.