Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Qubadlı

 

Avqustun 21-nə keçən gecə rayon ərazisi Ermənistan istqamətindən “Qrad” tipli qurğulardan, top və tanklardan atəşə tutulub. Topçularımız Gorus səmtində yerləşən düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab atəşi açmışlar. Laçın və Qubadlının Ermənistanla sərhəd kəndləri sistematik olaraq hücuma məruz qalır. Bu gün səhər saat 5 radələrində Gorus istiqamətindən Tex və Kornidzor kəndlərinə 32-dək hərbi yük maşını gəlib. Məqsəd “Laçın dəhlizi” vasitəsilə Yuxarı Qarabağa hərbi sursat çatdırmaqdır.

 

Zəngilan

 

Dünən saat 21:30-dan 23:00-dək Qafan dərəsindən qalxan 3 hərbi vertolyot rayon ərazisində kəşfiyyat xarakterli uçuş aparmışdır. Həmin vertolyotlardan biri Ermənistanın Çakaten kəndinə enmiş və hazırda da oradadır. Digər ikisi manevr edərək gəldikləri istiqamətdə qayıtmışlar.

 

Ötən gün ermənilər Seyidlər kəndində bizim kombaynımızı vurmuşlar. 6-7 hektarlıq sahələr yanıb. Bundan əlavə, düşmən Yuxarı Cəyli kəndini də atəşə tutub. Burada da meşə və zəmi sahəsi alışıb. Yanğının qarşısını tez almaq mümkün olub. Avqustun 21-nə keçən gecə bütün sərhəd boyu kəndlər Ermənistanın Mehri və Qafan ərazisindən “Qrad”, PDM və tanklardan atəşə tutulub. Dağıntı yüngülvaridir. Tələfat yoxdur. Cavab atəşilə Qafan ərazisindən 1 tank vurulub.

 

Füzuli

 

Avqustun 20-də saat 18:00-dan başlayaraq Divanallar kəndi Çartaz istiqamətindən toplardan atəşə tutulub. Buna cavab olaraq topçularımız Qırmızı Bazar və Şexer arasında yerləşən erməni mövqelərini atəşə tutublar. Düşmənin 1 tankı və 1 PDM-i sıradan çıxarılıb. 

 

Cəbrayıl

 

Ötən gecə rayon ərazisinə 3 mərmi düşüb. Dağıntı və tələfat yoxdur.

 

Ağdam

 

Saat 04:00-dan döyüşçülərimiz dünəndən başlayan əməliyyatı davam etmək üçün Ağdərə ərazisində irəliləyirlər. Dünən saat 17:00-dan Canyataq və Gülyataq kəndləri Azərbaycan SQ-nin tam nəzarəti altındadır. Hazırda bu kəndlər ətrafındakı yüksəkliklər uğrunda döyüşlər gedir. Qatır Məmmədin dediyinə görə, onun batalyonu Goranboy hissələri ilə birləşməyə çalışırlar. İki gün ərzində dörd nəfər yaralı olub.

 

Gədəbəy

 

Keçən gecə Mor-mor kəndi Ermənistanın Krasnoselsk rayonu istiqamətindən tanklardan atəşə tutulub. Dağıntı və tələfat yoxdur.

 

Qazax, Tovuz, Ağstafa, Tərtər bölgələrində sakitlikdir.