Dünən səhərdən başlayan hərbi əməliyyatları davam etdirən ordumuzun Ağdam bölmələri Ağdərə rayonu ərazisində irəliləyirlər. Avqustun 20-də axşama yaxın mərd döyüşçülərimiz Canyataq və Gülyataq kəndlərini azad ediblər. Hazırda bu kəndlər ətrafındakı yüksəkliklər uğrunda vuruşmalar davam edir.
Azərbaycan Respublikasının ərazisinin Ermənistan tərəfindən atəşə tutulması müntəzəm xarakter almışdır. Avqustun 21-nə keçən gecə Qubadlı rayonunun ərazisi Ermənistanın Gorus istiqamətindən “Qrad” tipli qurğulardan, top və tanklardan atəşə tutulub. Topçularımız düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab atəşi açıblar. Ötən gün ermənilər Zəngilan rayonunun Seyidlər kəndinin sahələrində işləyən kombaynlar, Yuxarı Cəyil kəndinə atəş açıblar. Nəticədə kombaynlar sıradan çıxmış, xeyli taxıl sahəsi yanmışdır. Avqustun 21-nə keçən gecə bu rayonun bütün sərhəd kəndləri Ermənistanın Mehri və Qafan rayonları istiqamətindən “Qrad” qurğularından, tank və PDM-lərdən atəşə tutulub. Cavab atəşilə düşmənin bir tankı məhv edilib. Ötən gecə Gədəbəyin Mormor kəndi Ermənistan Krasnoselk rayonu istiqamətindən toplardan atəşə tutulub.
Avqustun 20-də saat 18-dən başlayaraq Füzuli rayonunun Divanallar kəndi ermənilər yaşayan Çartaz kəndi istiqamətindən atəşə tutulub. Buna cavab olaraq Qırmızı Bazar və Şexer məntəqələri yaxınlığında yerləşən erməni mövqelərini atəşə tutan topçularımız düşmənin 1 tankını və 1 PDM-ini sıradan çıxarıblar. Ötən gecə Ağdam rayonunun Abdal, Gülablı və Şelli kəndləri, Cəbrayıl rayonunun ərazisi Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən atəşə tutulub.
Qazax, Tovuz, Ağstafa və Tərtər rayonlarında vəziyyət nisbətən sabitdir.
Dünən gecə saat 12:00 radələrində Bakı yaxınlığındakı (Şamaxı yolundakı) Güzdək qəsəbəsində yerləşən və Silahlı Qüvvələrimiz hesabında olan silah anbarı partlamışdır. Hazırda partlayışın səbəbləri axtarılır. Əlavə məlumat alan kimi sizə çatdıracağıq.