Bu gün avqustun 20-də döyüş zonalarında ümumi vəziyyət nisbətən sabit olmuşdur. Azərbaycan SQ-nin Ağdam bölgələrinə aid yerli özünümüdafiə, Qatır Məmmədin və daxili qoşunlar batalyonlarının hissələri Ağdərə rayonunun cənub-şərqində yerləşən Canyataq və Gülyataq kəndləri üzərinə birgə əməliyyatları uğurla davam etdirirlər. Dünən axşam döyüşçülərimiz Canyataq kəndi yaxınlığında ermənilərin 1 PDM-nin şəxsi heyətini məhv edərək hərbi maşını ələ keçiriblər.
Dünən Sərsəng su anbarından cənubda yerləşən turist bazasını tutduqdan sonra döyüşçülərimiz Kasapet dağının ətəyindən keçən yola tam nəzarət edirlər. Ordumuz tərəfindən Drmbon və Mehmanə məntəqələri istiqamətində hücum əməliyyatları aparırlar.
Azərbaycan Ordusunun Ağdərə bölgəsində son müvəffəqiyyətlərində Hərbi Hava Qüvvələrimizin böyük rolu olub. Təəssüflə qeyd etməliyik ki, avqustun 20-də Ağdərə səmasında hərbi təyyarələrimizdən biri vurulmuşdur.
Avqustun 20-nə keçən gecə Ağdam rayonunun Abdal və Gülablı kəndləri ara-bir top və tankalardan atəşə tutulub. Yuxarı Qarabağda ermənilərin nəzarət etdiyi Xanabad kəndi ətrafında düşmənin 1 PDM və 1 “KAMAZ” avtomaşını sıradan çıxarılıb.
Ötən gecə Cəbrayıl istiqamətində keçmiş Hadrut rayonunun Sur kəndi ətrafındakı postlarımız atəşə tutulub. Zərərçəkən yoxdur. Bu gün saat 14:00 radələrində Laçının Güləbird kəndinə bir neçə top mərmisi düşüb. Tələfat və dağıntı olmayıb.
Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Qubadlı, Zəngilan, Füzuli və Naxçıvan MR-da bu gün sakit keçmişdir.