Azərbaycan SQ-i Ağdərə bölgəsində uğurlu əməliyyatlarını davam etdirirlər. Ordumuzun Tərtər bölmələri dünən strateji əhəmiyyətli Kasapet dağını ələ keçirərək bu gün onun ətəklərini və həndəvərini düşməndən tam təmizləmişlər. Bu gün gündüz Sərsəng su anbarının cənubunda yerləşən, ermənilərin vacib dayaq məntəqəsinə və qərargahına çevirdikləri turist bazası döyüşçülərimiz tərəfindən alınıb.
Kasapet dağı ətrafındakı döyüşlər nəticəsində onlarla erməni qulduru məhv edilib. Cəsur əməliyyatçılarımızın müşahidələrinə görə, 200 nəfərə yaxın erməni yaraqlısı öz mövqelərini qoyub qaçmışlar. Düşmənin cəmləşməsi ehtimal olunan yerlərin təmizlənməsi davam edir.
Azərbaycan Hərbi Hava Qüvvələri Qarabağın cənubunda Xocavənd, Hadrut, Qişi və Xnuşinak məntəqələri yaxınlığında yuva qurmuş erməni ekspedisiya korpusunun hissələrinə havadan sarsıdıcı zərbə endirmişlər. Ötən gecə ordumuzun Füzuli bölmələri tərəfindən Edilli, Düdükçü kəndləri yaxınlığında düşmənin 1 topu və 1 yük maşını sıradan çıxarılıb.
Avqustun 19-na keçən gecə düşmənlər Laçın dəhlizi vasitəsilə Ermənistandan Yuxarı Qarabağa döyüş sursatı ilə dolu karvan keçirməyə cəhd göstərmişlər. SQ-miz düşmənin bu bəd niyyətinin qarşısını alıblar. Topçularımızın sərrast atışı nəticəsində döyüş sursatı ilə dolu 30-a qədər avtomaşın və onlarca erməni əsgəri məhv edilib.
Sərhədyanı bölgələrimizdə vəziyyət gərginləşib. Ötən gecə və bu gün Qazax rayonunun Xeyrimli, Tovuzun Əlibəyli və Ağdam, Gədəbəyin Mormor, İsalı, Düzrəsullu, Zəngilanın Seyidlər və Şükürataz kəndləri, Cəbrayıl rayonunun gözətçi məntəqələri, Füzuli rayonunun ərazisi, Ağdam şəhəri və rayonun Abdal, Gülablı kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulub.
Bu gün səhər saat 10-dan başlayaraq Zəngilan, Qubadlı, Laçın rayonunun sərhədboyu kəndləri və Qubadlı rayon mərkəzi Ermənistan ərazisindən güclü top atəşinə məruz qalıb. Ermənistanla cənub sərhədlərimizi təşkil edən bu rayonların əhalisini müntəzəm olaraq narahat edən düşmən atəş nöqtələrini susdurmaq üçün artilleriya qurğularından yaylım atəşi açılmışdır. Bu atəşlərdən sonra sərhədin o tayında Qafan və Gorus rayonu ərazisində yerləşən erməni atəş mövqeləri dağıdılmışdır.
Ötən gün Cəbrayıl bölgəsində və Naxçıvan MR-də nisbi sakitlik olmuşdur.