Qarabağın şimalında – Ağdərə ərazisində vuruşan Silahlı Qüvvələrimiz daha bir uğur qazanıblar. Kasapet dağında yerləşən və neçə gündən bəri qoşunlarımızın Tərtər istiqamətində irəliləməsinə mane olan erməni bölmələrinin mövqeləri darmadağın edilib. Hazırda strateji əhəmiyyətli Kasapet yüksəkliyi bütünlüklə döyüşçülərimizin nəzarəti altındadır.
Qarabağın cənubunda isə ordumuzun Cəbrayıl və Füzuli bölmələri əvvəlki mövqelərində möhkəmlənirlər.
Avqustun 18-nə keçən gecə Ağdam rayonunun Abdal, Gülablı kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən müxtəlif təyinatlı silahlardan atəşə tutulub. Cavab atəşilə düşmən susdurulub. Həmin gecə Gədəbəyin sərhəd məntəqələri, Laçın rayonunun Səfiyan, Güləbird kəndləri, Naxçıvan MR-nın Şərur rayonunun Cağazir kəndi Ermənistan ərazisindən atəşə tutulub.
Aldığımız məlumata görə, Ordubadda gedən qızğın döyüşlərdən sonra ermənilər Xarxat yüksəkliyini ələ keçiriblər.
Respublikamızın digər sərhəd bölgələrində vəziyyət nisbətən sabitdir.