Azərbaycan Milli Ordusu ərazimizin düşmənlərdən təmizlənməsində uğurlu əməliyyatlarını davam etdirərək, bu gün Qarabağın cənubunda, Füzuli istiqamətində hücuma keçmişdir. Döyüşçülərimiz keçmiş Hadrut rayonunun 3 yaşayış məntəqəsini – Məlikcanlı, Bulutan, Ağbulaq kəndləri və Xırmancıq kəndinin aşağı hissəsini azad etmişlər. Bu döyüşlərdə əsgərlərimiz 1 PDM, 2 ZTR, 1 iriçaplı pulemyot ələ keçiriblər. Xocavənd rayon mərkəzi istiqamətində də Silahlı Qüvvələrimiz hücuma keçib və düşmənin bir tankını, 2 PDM-ini, 2 ZTR-ini, 1 zenit qurğusunu, 2 yük maşınını məhv etmiş, 2 zenit qurğusunu isə ələ keçirmişlər. Hadrut istiqamətində də döyüşçülərimiz irəliləyirlər. Burada düşmənin 1 PDM-i, 2 zenit qurğusu və 1 iriçaplı pulemyotu sıradan çıxarılıb. Cəbrayıl istiqamətindən hücuma keçən döyüşçülərimiz düşmənin güclü müqavimətinə rast gəlməsinə baxmayaraq strateji əhəmiyyətli Şişdağ yüksəkliyini ələ keçiriblər.
Ağdərə ərazisində gedən hərbi əməliyyatlar Silahlı Qüvvələrimizin üstünlüyü ilə davam edir. Hazırda Kasapet dağı və ermənilərin iri bazası olan Arutyanoqomer kəndi uğrunda döyüşlər davam edir. Ostankino teleşirkətinin “Novosti” erməni mənbələrinə istinad edərək bildirdiyi Vaquas və Metsşen kəndlərinin ermənilər tərəfindən tutulması xəbəri əsassızdır.
Ağdərə rayonunun cənubunda yerləşən Canyataq və Gülyataq kəndləri uğrunda ordumuzun Ağdam bölmələrinin apardığı döyüşlər hələ də davam edir. Burada əsgərlərimizdən 7 nəfər yaralanıb.
Avqustun 14-də saat 20-dən 24-ə qədər Ermənistanın Krasnoselsk rayonu istiqamətindən Mutudərə, Mormor və Novoivanovka kəndləri toplardan və “Qrad” qurğularından atəşə tutulub. 2 döyüşçümüz həlak olub, 1 nəfər isə yaralanıb. Avqustun 14-dən 15-nə keçən gecə Ağstafa rayonunun sərhəd kəndləri, Qazax rayonunun Fərruxlu və Quşçu-Ayrım kəndləri, Ağdamın özü və rayonun kəndləri atəşə tutulubdur.
Naxçıvanın Şahbuz rayonunun Şada kəndi və ətrafdakı postlar müxtəlif silahlardan intensiv atəşə tutulub.
Qubadlı, Zəngilan, Tovuz bölgələrində vəziyyət nisbətən sakitdir.