Qubadlı: Axşam və gecə Gorus tərəfdən rayonun ərazisinı minaatanlardan və toplardan atəşə tutublar. Düşmənə layiqli cavab verilib, düşmən susdurulub. Səhər sakit keçir.
Zəngilan: Rayonda 3-4 gün sakit keçir.
Cəbrayıl: Dünən axşam saat 19-da tank döyüşü olub. Bizim 1 əsgərimiz şəhid olub, 2 nəfər yaralanıb. Rayonun Süleymanlı kəndi səhər atəşə tutulub, gecə sakit keçib.
Ağdam: Pircamal kəndi ətrafında ara-sıra atışma olub. Abdal, Gülablı kəndləri bütün gecə səhərə qədər atəşə tutulub. 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Paprəvənd, Qalayçılar ətrafında sakitlikdir. Ağdamın özünə 2-3 mərmi düşüb.
Füzuli: Şəhərə bir neçə mərmi düşüb, dağıntı və ölən yoxdur. Divanlar kəndi atəşə tutulub, 1 əsgər ölüb.
Tərtər: Gecə vaxtı Kasapet dağı ətrafında döyüş olub. İki tərəfdən itki var.
Qazax: 20:30-23:30-dək ermənilərin Papravakar kəndi tərəfdən atəş açılıb, 3 mərmi şəhərə düşüb. Dağıntı və tələfat yoxdur. Ballıqaya kəndinə də atəş olub, 1 nəfər yaralanıb. Cavab atəşilə çoxlu düşmən qırılıb. Hal-hazırda rayonda sakitlikdir.
Gədəbəy: Başkənddə məğlubiyyətə uğrayan düşmən Azərbaycan-Ermənistan sərhədindəki yüksəklikdə öz mövqeyinin möhkəmləndirməyə çalışır. Avqustun 14-nə keçən gecə saat 02:00-dək rayon ərazisində vəziyyət gərgin olaraq qalıb. Deyilən yüksəklikdən İvanovka, Mormor və Mutudərə kəndləri intensiv atəşə tutulub. Döyüşçülərimizdən 8 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Hazırda nisbi sakitlikdir.
Belə sərrast atəşi ya ermənilərə MDB zabitlərinin köməyilə, ya da öz aramızda olan “korektirovşiklərin” olması ilə izah etmək olar.
Tovuz: Dünən ermənilər gecə saat 12:00-dan 04:00-dək dövlət sərhədində yerləşən nəzarət məntəqəsini atəşə tutub. Düşmənin bu həmləsini dəf edərkən döyüşçülərimizdən 2 nəfəri şəhid olub, 2 nəfəri isə yaralanıb.
Kəlbəcər: Bölgədə vəziyyət gərgin olaraq qalır. Dünən döyüşçülərimiz daxil olduqları Arutyunoqomer kəndindən çıxıblar. Ancaq orada erməni də yoxdur. Alınan məlumata görə, əməliyyat vaxtı 40 əsgərimiz yaralanmış, 11 nəfəri isə həlak olmuşdur. İndi havadan kömək gözləyirik, sonra irəli gedəcəyik.
Naxçıvan: Avqustun 14-də saat 20:00-dan başlayaraq Şərurun Havuş kəndi ağır və yüngül silahlardan atəşə tutulub. Dünən saat 20:30-dan isə Şahbuzun Şada kəndində ağır döyüş gedib. Gecə saat 01:00-a yaxın düşmən geri oturdulub. Biz tərəfdən 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.