Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Qarabağ ərazisində döyüşlər Milli Ordumuzun üstünlüyü ilə davam edir. Bu gün səhər Ağdərə rayonunda Silahlı Qüvvələrimiz Kasapet dağı ətrafında döyüşlərə başlamışdır. Gün ərzində döyüşlər vaxtı düşmənin 1 tankı, 1 PDM-i və 1 yük maşını sıradan çıxarılıb və 40-a qədər quldur məhv edilib. Əsgərlərimizdən 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb. Sərsəng su anbarının şimal hissəsi bütünlüklə ordumuzun nəzarəti altındadır. Düşməni burada darmadağın etmək üçün döyüşçülərimiz hərbi əməliyyatları davam etdirirlər.
Ağdam istiqamətində yerləşən Silahlı Qüvvələrimiz Ağdərə rayonunun Canyataq və Gülyataq kəndlərini azğın düşməndən azad etmək üçün döyüşlər əməliyyatlarını davam etdirirlər. Bu döyüşlər zamanı düşmənin 3 tankı, 1 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib. Düşmənlərimizdən 3 nəfər həlak olub, 8 nəfəri isə yaralanıb. Ötən gecə Pircamal rayonu ətrafında döyüşlər getmiş, Abdal və Gülablı kəndləri bütün gün ərzində atəşə tutulmuşdur. Bizimkilərdən 3 nəfər həlak olub, 3 nəfər də yaralanıb.
Ötən gecə və bu gün səhər Füzuli rayonu ərazisi keçmiş Hadrut rayonu ərazisindən toplardan intensiv atəşə məruz qalıb. 1 nəfər həlak olub.
Cəbrayıl rayonunun ərazisi toplardan atəşə tutulmuşdur. Səhər tezdən rayonun Süleymanlı kəndi də atəşə məruz qalıb. 1 əsgərimiz şəhid olub, 2 nəfər yaralanıb.
Başkənddə məğlubiyyətə uğrayan düşmən Azərbaycan-Ermənistan sərhədindəki yüksəkliklərdə öz mövqelərini möhkəmləndirməyə çalışır. Avqustun 14-nə keçən gecə saat 2-də rayonun ərazisində vəziyyət gərgin olaraq qalıb. Bu yüksəklikdən İvanovka, Mormor və Mutudərə kəndləri intensiv atəşə tutulub. Döyüşçülərimizdən 4 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.
Dünən gecə Tovuz rayonunda dövlət sərhədində yerləşən nəzarət məntəqəsi atəşə tutulub. Düşmənin bu həmləsini dəf edərkən döyüşçülərimizdən 2 nəfər şəhid olub, 2 nəfər isə yaralanıb. Bu gün saat 10-dan başlayaraq rayonun Əlibəyli kəndi Ermənistan ərazisindən müxtəlif  növ silahlardan atəşə tutulub. Ağstafa bölgəsinin Qanlıdərə sahəsi düşməndən tamamilə təmizlənib. Döyüş zamanı 1 əsgərimiz həlak olub. Düşmən axşam Ermənistanın Paravakar kəndi tərəfdən Qazax rayonunun ərazisini atəşə tutub. 1 nəfər yaralanıb. Cavab atəşilə xeyli düşmən məhv edilib.
Dünən axşam və bu gün gecə Gorus tərəfdən Qubadlı rayonunun ərazisi minaatanlardan və toplardan atəşə tutulub. Düşmənə layiqli cavab verilib.  
Dünən axşam Naxçıvan MR-nın Şərur rayonunun Havuş kəndi və Şahbuz rayonunun Şada kəndi müxtəlif növ silahlardan atəşə tutulub. Biz tərəfdən 12 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.