Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Başkənddə məğlubiyyətə uğrayan düşmən Azərbaycan Ermənistan sərhədindəki əllərində qalan yeganə yüksəklikdən öz mövqeyini möhkəmləndirməyə çalışır. Avqustun 14-nə keçən gecə saat 2-dək Gədəbəy rayonunun İvanovka, Mormor və Mutudərə kəndləri güclü atəşə tutulub.
Respublikamızın digər bölgələrində də erməni silahlı birləşmələri dövlət sərhədini pozmaqdan əl çəkmək istəmirlər. Ötən gecə Tovuz rayonunun Ermənistanın İcevan rayonu ilə həmsərhəd olan əraziləri atəşə tutulub, nəzarət məntəqəsinə hücum olub. Düşmənin bu həmləsini dəf edərkən döyüşçülərimizdən 2 nəfər şəhid olub, 2-si isə yaralanıb.
Dünən axşam 2 saat ərzində Ermənistanın Paravakar kəndi tərəfdən Qazax ərazisinə atəş açılıb, şəhərə üç mərmi düşüb. Dağıntı və tələfat olmayıb. Ballıqaya kəndində 1 nəfər yaralanıb. Cavab atəşilə çoxlu düşmən qırılıb. Hal-hazırda rayon sakitlikdir. Qubadlıdan xəbər verirlər ki, ötən axşam və gecə rayonun ərazisi toplardan və minaatanlardan atəşə tutulub. Burada da düşmənə layiqli cavab verilib. Bu gün səhərdən sakitlikdir.
Avqustun 3-də saat 20-dən başlayaraq Naxçıvan MR-nın Şərur rayonunun Havuş kəndi müxtəlif növlü silahlardan atəşə tutulub. Eyni vaxtda Şahbuz rayonunun Şada kəndində ağır döyüşlər gedir. Gecə saat 1-ə yaxın Naxçıvan özünümüdafiə qüvvələri düşməni geri oturtmağa müvəffəq olublar. Biz tərəfdən 1 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Qarabağ ərazisində döyüşlər Milli Ordumuzun üstünlüyü ilə davam edir. Ağdərə rayonunda Silahlı Qüvvələrimiz Kasapet dağı ətrafında döyüşlərə başlamışdır. Sərsəng su anbarının şimal hissəsi bütünlüklə ordumuzun nəzarəti altındadır. Düşməni burada darmadağın etmək üçün döyüşçülərimiz hərbi əməliyyatları davam etdirirlər.
Cəbrayıl cəbhəsində dünən tank döyüşü olmuşdur. Hər iki tərəfdən itki var. Rayonun Süleymanlı kəndi atəşə tutulub. Ağdam və Füzuli bölgələrində vəziyyət sabitdir. Pircamal, Abdal, Gülablı, Divanallar kəndləri atəşə tutulub. 2 əsgərimiz həlak olub, 2 nəfər yaralanıb. Son anda aldığımız məlumata görə Ağstafa rayonunun Qanlıdərə adlanan sahəsi düşmənlərdən tamamilə təmizlənib. Döyüş zamanı bir əsgərimiz həlak olub.