Ağdərə
Bü gün Ağdərə rayonunun daha iki kəndi – Dəmirli və Kasapet kəndləri erməni yaraqlılarından təmizlənmişdir.
Düşməni uğurlu döyüş əməliyyatları nəticəsində sıxışdıran Azərbaycan Ordusunun Tərtər və Kəlbəcər bölmələri bu gün nahar çağı Sərsəng su anbarının bəndi üzərində görüşüblər. Döyüşçülər bu görüşü rəmzi olaraq “Elba üzərində görüş” adlandıraraq atəşfəşanlıq keçiriblər.
Günün ikinci çağı Azərbaycan Silahlı Qüvvələrinin hər iki bölməsi Ermənistan ekspedisiya korpusunun dayandığı Drmbon kəndi üzərinə hərəkət etmişdir.
Drmbon uğrunda döyüşlər gedir. Erməni tərəf Azərbaycan Ordusunun həmlələrinə tab gətirə bilmir. Düşmən qüvvələri geri çəkilməkdə davam edir.
Kəlbəcər
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Drmbon üzərinə hücumu genişləndirir. Ermənilərin cəmləşdiyi Arutyunoqomer kəndi ələ keçirilmişdir. Azərbaycan Ordusunun əsgərləri düşmənlərdən azad edilmiş mövqelərdə möhkəmlənirlər.
Gərgin döyüşlər nəticəsində əsgərlərimiz ermənilərə məxsus 2 tankı və 4 PDM-i zəbt ediblər. Tərtər-Kəlbəcər şosse yolu bərpa olunmuşdur. Uğurlu döyüş əməliyyatları davam edir.
Ağdam
Atəşlər ara versə də, bölgədə vəziyyət gərgin olaraq qalır. Abdal və Gülablı kəndləri ermənilər tərəfdən atəşə tutulur. Atəş zamanı kəndlərin müdafiəsində dayanan batalyonun qərargahına mərmi düşüb. Milli Ordunun 1 əsgəri şəhid olub.
Dünən gecə ermənilərin hərbi texnikası və canlı qüvvələri Fərrux istiqamətində cəmləşməyə cəhd göstəriblər. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin mövqelərini sərrast atəşlə sarsıtmışlar. Fərrux istiqamətində cəmləşən erməni qüvvələri Ağdamı atəşə tutmaq imkanından məhrum edilmişdir.
Cəbrayıl
Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qoruyan Sur kəndi saat 15-də Hadrut istiqamətindən ermənilər tərəfdən müxtəlif növ silahlardan atəşə tutulub. Düşmənin açdığı atəşlər nəticəsində Milli Ordunun 2 əsgəri yaralanıb. Cavab atəşilə düşmən məntəqələri tezliklə susdurulub.
Gədəbəy
Mutudərə-Başkənd cəbhəsində vəziyyət gərgin olaraq qalır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənin həmlələrini mərdliklə dəf edirlər.
Ağstafa
Köhnə Qışlaq və Tatlı kəndləri Ermənistan ərazisindən atəşə tutulur. Milli Ordunun bölmələri ermənilərin hücumlarını fədakarcasına dəf edirlər. Üstünlük bizimkilərin tərəfindədir.
Qazax
Ağköynək kəndi ermənilər tərəfindən atəşə tutulur. Döyüşlər ara vermir. Azərbaycan Ordusunun bölmələri düşmənin həmlələrini dəf edirlər. Düşmənin mövqeləri atəşə tutulur.
Güləbird
Nisbi sakitlikdir. Əsgərlərimiz mövqelərdə möhkəmlənirlər.
Qubadlı, Zəngilan və Tovuz bölgələrində nisbi sakitlikdir.
Naxçıvan
Avqustun 13-də günün birinci yarısında Şərur rayonunun Havuş kəndi ətrafındakı milis postları ermənilərin atəşinə məruz qalıb. Dünən axşam saat 20-dən başlayaraq ermənilər Şahbuz rayonunun Şada və Badamlı kəndlərini avtomat, pulemyot və minaatanlardan intensiv atəşə tutublar. Kəndlərdə tikililərdən bir neçəsi dağıdılmışdır. Düşmənin hücumları dəf olunub.
İndiyədək Ermənistan tərəf Sədərək rayonu istiqamətində Naxçıvanın 2700 hektar torpaqlarını işğal etmişdir.