Kəlbəcər
Avqustun 12-dəki döyüşlərdə ermənilərin 2 tankı, 4 PDM-i döyüşçülərimizin əlinə keçib. 4 nəfər əsir alınıb, 300-400 nəfəri məhv edilib. Hazırda ermənilərin kolonu Drmbon-Çıldıran istiqamətində düzülüb, yəqin ki, qaçmağa hazırlaşırlar. Artilleriya ilə imkan vermirik. Xəbər gəldi ki, ermənilər Umudludan çıxıb, ora gedirik.
Tərtər-Ağdərə
Gecə sakit keçib, indi isə döyüşlər gedir.
Düşmənin 1 tankı ələ keçib, 40 nəfəri məhv edilib. Əsgərlərimizdən 1 nəfər – Əzizov Dağıstan Məhəmməd oğlu həlak olmuş, 4 nəfər yaralanmışdır.
Ağdam
Gecə Ağdam şəhəri Əsgəran və Xanabad istiqamətindən, Paprəvənd isə Canyataq və Gülyataq istiqamətindən artilleriya atəşinə tutulub. Dağıntı və yanğınlar var. Ağdamda 5 nəfər yaralanıb.
Gədəbəy
Gecədən başlayaraq qısa fasilələrlə Orçonikidze ərazisindən İvanovka, Krasnoselsk ərazisindən isə Mormor kəndi atəşə tutulur. Mutudərəyə yaxın olan Ərdağı hazırda atəşə tutulur. Zərərçəkən yoxdur.
Ağstafa
Qanlıqaya istiqamətindən dünən günortadan başlanan atışma axşam saat 22:00-da qurtarmışdır. Strateji əhəmiyyətli yol döyüşçülərimizin əlinə keçmişdir. Ermənilərdən 2 nəfər öldürülüb. Ermənilər hərbi sursatı, mərmiləri qoyub qaçmışlar. Hazırda sakitlikdir.
Laçın
Ötən gecə Güləbird, Xanalar, Suarası kəndləri atəşə tutulub. 1 nəfər yaralanıb. Ehtimal var ki, ermənilər Laçına texnika aparır.
Cəbrayıl
Avqustun 12-də saat 19:00-da Şaqax istiqamətindən Sur ətrafındakı postlarımız atəşə tutulub. Zərərçəkən yoxdur.
Qazax, Tovuz, Füzuli, Zəngilan, Qubadlı bölgələrində və Naxçıvan MR-nın Ermənistanla həmsərhəd məntəqələrində nisbi sakitlik olmuşdur.