Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Artilleriyamızın sərrast atəşləri ilə düşmənin bir sıra atəş nöqtələri dağıdıldıqdan sonra Qazax, Ağstafa, Tovuz bölgələrində döyüşlər ara verib.
Erməni silahlı birləşmələri Mutudərə-Başkənd döyüşlərində ağır məğlubiyyətə uğradıqdan sonra Ermənistan ərazisində yeni mövqelər quraraq ötən gecə Mutudərə, Mormor, Başkənd məntəqələrini atəşə tutmuşlar. Döyüş zamanı bir əsgərimiz həlak olub, 4 nəfər yaralanıb. Bu gün səhərdən başlayaraq Mutudərə, Mormor, Qaravəllər, Göyəli kəndləri həmin mövqelərdən toplardan və iriçaplı pulemyotlardan atəşə tutulur. Düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab tədbirləri görülür.
Üstünlüyü ələ alan  Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Ağdərə bölgəsində torpaqlarımızı düşmənlərdən təmizləmək üçün hərbi əməliyyatları genişləndiriblər. Hazırda düşmən əlində olan bir sıra yaşayış məntəqələri uğrunda döyüşlər gedir.
Ötən gecə Ağdam rayonunun rayon mərkəzi də daxil olmaqla Əhmədavar, Çuxurməhlə, Qarağacı və Gülablı məntəqələri, Cəbrayıl rayonunun Sur və Doşullu kəndləri müxtəlif silahlardan atəşə tutulmuşdur. Düşmənə cavab atəşi açılmışdır.
Respublikamızın Ermənistanla şimal sərhədlərində olduğu kimi, cənub istiqamətində də ötən gecə sakit keçməmişdir. Kəlbəcər rayonunun Söyüdlü, Dikyurd, Zəylik və Qaraqayaş, Zəngilan rayonunun Süsən, Seyidlər, Ağkənd, Günqışlaq və Qazançı kəndləri, Naxçıvan MR-nın isə Şahbuz rayonunun Cağazir kəndləri Ermənistan ərazisindən müxtəlif silah növlərindən atəşə tutulmuşlar. Zərərçəkən olmamışdır. Bütün hallarda düşməni susdurmaq üçün cavab atəşi açılmışdır.
Qubadlı, Füzuli bölgələrində ötən gecə nisbətən sakit keçmişdir.