Tərtər
Metşen və Möhrətaq kəndi ətrafında hal-hazırda şiddətli döyüşlər gedir.
Kəlbəcər
Söyüdlü, Dikyurd, Zəylik, Qaraqaya zastavalarına ermənilər atəş açmışlar. Cavab atəşilə düşmən susdurulub. Hazırda sakitlikdir.
Səhər saat 6-dan 1 briqada bütün cəbhə boyu, bütün istiqamətlərdən hücuma keçmişlər. Hücum Çapar-Aterk-Umudlu və Laçın istiqamətində davam edir. (pp-k Rəhimovun dediyinə görə, Bakı tütün fabrikinin direktoru şəxsən cəbhəyə gələrək kombinatın adından yarım milyon manatlıq tütün və ərzaq malları gətirib. Döyüşçülərimiz onlara öz minnətdarlıqlarını bildirirlər).
Tovuz
Dünən rayon mərkəzinə 30 mərmi düşüb, nəticədə 7 ev dağılıb, 5 nəfər şəhər sakini həlak olub, 25 nəfər yaralanıb (3-ü əsgərdir). Əsrik və Koxa-Nəbi kəndləri 19:00-dan başlayaraq top və avtomat silahlardan atəşə tutulub. Atəş 21-dək davam edib. Hazırda sakitlikdir.
Gədəbəy
Ermənilər Mutudərədən qovulduqdan sonra özlərinə yeni mövqelər qururlar. Axşam həmin mövqelərdən Mutudərə, Başkənd, Mormor kəndləri atəşə tutulub. Döyüş zamanı 1 əsgərimiz şəhid olub, 4 nəfər yaralanıb.
Hazırda Mutudərə, Mormor, Qaravəllər, Göyəlli kəndinə toplardan və iriçaplı pulemyotlardan atəş açılır. Əldə olunan məlumata görə, atəş sərrast döyüşçülər tərəfindən açılır, güman var ki, bunlar MDB-nin qoşunlarıdır.
Ağdam
Xanabad-Noraguh istiqamətindən Əhmədavar, Çuxurməhlə, Qarağacı qəbiristanlığı top atəşinə tutulub. Təlafat yoxdur. Xanabad istiqamətində ermənilərin texnikası cəmləşir. Şelli tərəfdə ermənilərin toplanması davam edir. Əsgəran tərəfdə ermənilərin 5 tankı atəş açırdı. Cavab verdikdən sonra qayıdıb gediblər.
Abdal, Gülablı kəndləri Dəhraz və Noraşen kəndlərindən atəşə tutulublar. Şəhərə “Qrad”dan atəş açıblar, mərmilərdən biri mənzilə düşüb və ev sakini bir qadın həlak olub.