Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Bu gün saat 8-dən başlayaraq Qazax, Ağstafa, Tovuz və Kəlbəcər rayonunun yaşayış məntəqələri toplardan, “Qrad” qurğularından, tank və PDM-lərdən güclü atəşə məruz qalmışdır. Nəticədə 3 nəfər həlak olub, 27 nəfər yaralanıb. Dağıntı var. Düşmənin atəş nöqtələrini susdurmaq üçün cavab atəşi açılmışdır. Qazax və Ağstafa bölgələrində artilleriya atışları indiyədək davam edir.
Ötən gecə saat 1 radələrində Ağstafa rayonunun Qanlıdərə adlanan sahəsində postlarımızı ermənilər avtomatik qumbaraatanlardan atəşə tutub, texnikanın köməyilə hücuma keçmişlər. Hücum dəf edilib. Döyüş zamanı düşmənin KAMAZ avtomaşını və 8 yaraqlısı məhv edilmiş, 5 düşmən avtomatı əsgərlərimizin əlinə keçmişdir. Bu döyüşdə əsgərlərimizdən 3 nəfər şəhid olmuş, 3-ü isə yaralanmışdır.
Kəlbəcər bölgəsində dünən bütün günü davam etmiş döyüşlərdən sonra İvanovka, Mutudərə, Mormor istiqamətində daha bir neçə strateji əhəmiyyətli yüksəkliklərə ordumuz nəzarət edir. Bu əsnada düşmənin 1 tankı, 1 PDM-i və canlı qüvvəsi məhv edilmişdir. Sərhəd boyu bütün vacib mövqelərdə döyüşçülərimiz möhkəmlənmişlər.
Avqustun 11-nə keçən gecə Ağdərə rayonunda postlarımızın atəşə tutulması nəticəsində 1 döyüşçümüz yaralanıb. Hal-hazırda mövqe döyüşləri gedir.
Ötən gecə Ağdam rayonunun Xıdırlı, Abdal, Gülablı, Füzuli rayonunun Xələfşə və Gövşadlı, Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Şahbuz rayonunun Batabat və Cici Yurdu məntəqələri erməni mövqelərindən ara-sıra atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl bölgələrində nisbi sakitlikdir.