Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Avqust 1992 00:01

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində vəziyyət dəyişməyib. Avqustun 11-də Möhrətaq istiqamətindən postlarımız top atəşinə tutulub. Bir əsgərimiz yaralanıb. Ağdərədə olan başqa postlarımızda gecə nisbi sakitlik olub.
Avqustun 10-da bütün günü Gədəbəy bölgəsində davam edən döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələri İvanovka, Mutudərə, Mormor istiqamətində daha bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirib. Silahlı Qüvvələrimiz tərəfindən düşmənin 1 tankı, 1 PDM-i və xeyli canlı qüvvəsi məhv edilib. Sərhəd boyu bütün lazımi mövqelər bizim nəzarətimiz altındadır.
Gecə, avqustun 11-də ermənilər Ağstafa rayonunda Qanlıdərə adlanan yerdəki postlarımızı avtomatik qumbaraatanlardan atəşə tutub, sonra texnikanın köməyilə hücuma keçiblər. Hücumun qarşısı alınıb. Döyüş zamanı düşmənin 1 KAMAZ maşını və 8 yaraqlısı məhv edilib. 5 düşmən avtomatı ələ keçirilib. Bu döyüşdə 3 əsgərimiz həlak olub, 3 nəfər yaralanıb. Bu gün saat 09:30-da Ağstafa rayon mərkəzi və Dağkəsəmənli kəndi Ermənistan ərazisindən top atəşinə tutulub. 4 nəfər yerli sakin və 2 əsgərimiz yaralanıb.
Bu gün səhər saat 8-dən başlayaraq təxminən 2 saat ərzində Qazax və Tovuz rayonu Ermənistanın İcevan rayonu ərazisindən toplardan, “Qrad” qurğularından və PDM-lərdən  intensiv atəşə tutulub. Tələfat yoxdur. Həmin kənd istiqamətində ermənilərin qüvvə cəmləşdirməsi müşahidə olunur.
Ötən gecə Ağdam rayonunun Xıdırlı, Abdal, Gülablı, Füzuli rayonunun Xələfşə və Gövşadlı, Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Şahbuz rayonunun Batabat və Cici Yurdu məntəqələri erməni mövqelərindən ara-sıra atəşə tutulub. Düşmənə cavab atəşi açılıb.
Zəngilan, Qubadlı, Laçın, Cəbrayıl bölgələrində ötən gecə sakit keçib.