Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Respublikamızın Ermənistanla sərhəd bölgələrində və Qarabağ cəbhəsində vəziyyət gərgin olaraq qalmaqdadır. Avqustun 10-na keçən gecə və bütün gün ərzində Gədəbəy rayonunun Mormor, Mutudərə kəndləri Ermənistanın Krasnoselsk rayonu ərazisindən güclü artilleriya atəşinə tutulub. Düşmən var qüvvəsi ilə itirilmiş mövqeləri geri qaytarmağa çalışır. Lakin Azərbaycan Milli Ordusunun bölmələri bu hücumların qarşısını layiqincə alırlar. Hazırda döyüşçülərimiz dövlət sərhədinin bu hissəsinə tam nəzarət edirlər.
Ağdərə ərazisində yüksəkliklər Azərbaycan SQ-nin əlində qalmaqdadır. Aldığımız məlumata görə, döyüşlər zamanı 7 əsgərimiz şəhid olmuş, 23 nəfər yaralanmışdır. Digər bölgələrimizdən Tovuzun Əsrik; Zəngilanın Vejnəli, Şükürataz, Ağbənd; Cəbrayılın Quşçular, Sur; Füzulinin Xələfşə, Çuvarlı; Ağdamın Abdal, Gülablı və Naxçıvan MR-nın Şahbuz rayonunun Havuş kəndi və Sədərək qəsəbəsi düşmən tərəfindən müxtəlif silahlardan atəşə tutulmuşdur. Bütün hallarda düşmənə cavab verilmişdir. Ermənilərin Xocavənd (keçmiş Martuni) rayonu ərazisindən 1 tankı və 1 topu sıradan çıxarılmışdır. Gün ərzində 1 əsgərimiz həlak olmuş, 4 nəfər yaralanmışdır.
Avqustun 4-dən 9-dək Laçın bölgəsinin Suarası, Xanalar kəndləri və bir sıra strateji əhəmiyyətli yüksəkliklərin alınması uğrunda gedən döyüşlərdə 18 soydaşımız şəhid olmuş, 57 nəfər yaralanmışdır. Müqəddəs torpaqlarımızın düşmənlərdən təmizlənməsi uğrunda həlak olanlara Allah rəhmət eləsin.