Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Avqust 1992 00:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu erməni ekspedisiya korpusunu sıxışdırıb hərbi üstünlüyü öz əllərində saxlayır.
Ötən gecə Ağdərə ətrafında sakit keçməsinə baxmayaraq, səhərə yaxın Kasapet kəndi yaxınlığındakı mövqelərimiz müxtəlif silahlardan atəşə tutulub. Avqustun 6-sı 8-də Ağdərə istiqamətində gedən döyüşlərin üç günü ərzində Azərbaycan SQ-i ermənilərin 50-dək canlı qüvvəsini, 3 PDM-ni, 2 zirehli transport yolunu, 1 tankını, 1 artilleriya qurğusunu və 2 yük maşınını sıradan çıxarıblar. Biz tərəfdən yaralananlar var. Hazırda Ağdərə rayon mərkəzinə, yaxın ətraf kəndlərinə və Maqavuz kəndi ətrafındakı strateji əhəmiyyətli yüksəkliklərə döyüşçülərimiz nəzarət edirlər.
Avqustun 8-nə keçən gecə Ağdam rayonunun Sarıhacılı, Xıdırlı, Abdal və Gülablı kəndləri Yuxarı Qarabağın ermənilər yaşayan məntəqələrindən atəşə tutulub. İki döyüşçümüz yaralanıb.
Keçən gecə və cəbhənin Füzuli istiqamətində də vəziyyət gərginləşib. Arış kəndi keçmiş Hadrut rayonunun Məlikcanlı ərazisindən müxtəlif silahlardan atəşə tutulub. Tələfat olmayıb. Elə həmin gecə düşmən Tuğ istiqamətindən Gövşadlı kəndinə hücum edib. Silahlı Qüvvələrimiz düşmənin xeyli canlı qüvvəsini məhv edib, düşmənin Tuğda yerləşdirdiyi bir topunu isə sıradan çıxarıb. Bundan əlavə, döyüşçülərimiz keçmiş Hadrut rayonunun Edilli kəndində ermənilərin 1 tankını, 2 topunu, 1 iriçaplı pulemyotunu, 1 yük maşınını və 40-dək quldurunu məhv ediblər. Gün ərzində düşmənin daha bir topu və 1 tankı sıradan çıxarılıb. Rayonun Cuvarlı kəndində 1 əsgərimiz şəhid olub.
Düşmən Laçın şəhərini və “Humanitar dəhlizi” verməməkdən ötəri əlində olan bütün silahlardan istifadə edir. Keçən gecə Pircahan və ətraf kəndlər artilleriya qurğularından intensiv atəşə tutulub. Döyüşçülərimiz əks tərəfi susdurmaq üçün cavab atəşi açıblar. Avqustun 8-nə keçən gecə bu bölgədə olan strateji əhəmiyyətli Susuzdağ zirvəsi Azərbaycan SQ-nin bölmələri tərəfindən azad edilib. Xanalar və Suarası kəndlərinə nəzarət edən döyüşçülətimiz tutduqları mövqelərdə möhkəmlənirlər.
Xəbər verdiyimiz kimi, Gədəbəy bölgəsində Azərbaycan Silahlı Qüvvələri müvəffəqiyyətli döyüş əməliyyatları keçirmişlər.
Avqustun 6-da ermənilər tərəfindən işğal olunan Mutudərə kəndini və Gədəbəy rayonunun ərazisində yerləşən düşmən yuvası Başkəndi (keçmiş Arsvaşeni də) tamamilə düşmənlərdən azad ediblər. Hazırda Silahlı Qüvvələrimiz erməni silahlı birləşmələrini sərhədlərimizdən kənara atıb mövqelərini möhkəmləndirirlər. Dünən Mutudərə kəndini azad edərkən düşmənin iki “Qrad” qurğusunu, bir topunu və xeyli canlı qüvvəsini məhv etmişdilər.
Keçən gecə Sədərək qəsəbəsi, Batabat məntəqəsi, Qubadlı rayonunun Ermənistanla həmsərhəd kəndləri düşmən ərazisindən atəşə tutulmuşdur.
Qazax, Ağstafa, Zəngilan, Tovuz və Cəbrayıl bölgələrində sakitlik olmuşdur.