Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 1992 00:02

Müdafiə Nazirliyinin məlumatı

Yuxarı Qarabağın Ağdərə bölgəsində son günlər erməni birləşmələrinin hücumlarının qarşısı tamamilə alınmışdır. Avqustun 6-da Azərbaycan Milli Ordusunun hissələri hücum əməliyyatlarını genişləndirərək Ağdərə dağlarını ermənilərdən təmizləmiş və bir neçə strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənmişlər. Erməni tərəfin 4 (dörd) ədəd hərbi texnikası və 14 nəfər qulduru məhv edilmişdir. Düşmən qüvvələri tam məğlubiyyətə uğratmaq üçün ordumuz tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Avqustun 7-nə keçən gecə Ağdam rayonunun Xıdırlı kəndi Xanabad istiqamətindən top atəşinə tutulmuşdur. Cavab atəşilə düşmən susdurulub. Füzuli və Cəbrayıl bölgələrinin Yuxarı Qarabağa bitişik kəndləri istiqamətində ara-sıra atışmalar davam edir.
Son günlər Gədəbəy bölgəsində vəziyyət xeyli gərginləşib. Avqustun 6-da saat 16:00-17:00 radələrində Azərbaycan Respublikasının Dövlət sərhədini pozaraq erməni silahlı qüvvələrinin hissələri xeyli texnika və canlı qüvvə ehtiyatı yaradaraq Gədəbəy rayonunun Mutudərə kəndinə hücum edib və həmin yaşayış məntəqələrini saat 18:00-da zəbt etmişlər. Erməni birləşmələri evləri soyub yandırırlar. Düşməni ərazimizdən qovmaq üçün lazımi əməliyyat aparılır.
Laçın rayonunun Xanalar və Suarası kəndləri son ağır döyüşlərdən sonra düşmənlərdən azad olunmuş və hazırda bu kəndlərə döyüşçülərimiz tərəfindən tam nəzarət edilir.
Gecə səhərədək Naxçıvan MR-nın Sədərək qəsəbəsi, Şərur rayonunun Cağazir və Yuxarı Yaycı, Şahbuz rayonunun Şada, Batabat, Gömür və Gəlməçataq kəndləri müxtəlif təyinatlı silahlardan atəşə tutulmuşdur.